AzQAC-ın Miqrasiya şöbəsi Miqrant uşaqlarla Dünya Uşaq Hüquqları Günü münasibətilə keçirilən tədbirlərdə

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Miqrasiya şöbəsi Miqrant uşaqlarla Dünya Uşaq Hüquqları Günü münasibətilə keçirilən tədbirlərdə

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsi ölkədə yaşayan miqrantların cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə tədbirlər və tarixi yerlərə səfərlər təşkil edib. Azərbaycan dili kursunun müdavimləri bu fəaliyyətin əsas iştirakçılarıdır.

2025-ci il noyabrın 19-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan dili kursunun miqrant şagirdləri və valideynləri “Green Start Academy”nin dəvəti ilə yazıçı, şair, professor Zahid Xəlil ilə keçirilən görüşdə iştirak ediblər. Tədbir “Günəş” Sağlamlıq Mərkəzi və “Libra Kitab” nəşriyyatının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə uşaqlara Zahid Xəlilin şeir və hekayələri təqdim olunub, bəstəkar Lalə Şirinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. Əfqan uşaqların vətən və təbiət mövzusunda səsləndirdikləri şeirlər də rəğbətlə qarşılanıb.

“Green Start Academy”nin əməkdaşı Günel Kamal uşaqlarla əyləncəli və məntiqi oyunlar keçirib, tədbirin sonunda uşaqlara şairin kitabları hədiyyə edilib və xatirə şəkilləri çəkilib.

Sona Hacıyeva Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından minnətdarlıq edərək, belə görüşlərin miqrant uşaqların cəmiyyətə inteqrasiyası üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Daha sonra20 nəfər miqrant üçün Qobustan rayonunda yerləşən 15-ci əsrə aid, Qafqazın unikal abidələrindən biri olan Diribaba türbəsinə səfər təşkil edilib. Qoruqları İdarəetmə Mərkəzinin nümayəndəsi, şair-publisist Yusif Nazim Ərəbsoy abidənin tarixi, quruluşu və bərpası ilə bağlı məlumat verib. Rəvayətə görə, burada sufi şeyxi Baba dəfn edilib və türbə uzun illərdir ziyarətgah kimi tanınıb.

Qobustan rayon bölməsinin sədri Nemət Alcanov da səfərdə iştirak edərək maraqlı məlumatlar təqdim edib.