AzQAC Sumqayıt Regional Mərkəzi sağlamlıq imkanları məhdud uşaqları diqqət mərkəzində saxlayır

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt Regional Mərkəzi sağlamlıq imkanları məhdud uşaqları diqqət mərkəzində saxlayır

Hər il olduğu kimi, bu il də 3 Dekabr – Beynəlxalq Fiziki Məhdudiyyətli Şəxslər Günü münasibətilə Sumqayıt şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzi və şəhər bölməsi tərəfindən tədbir keçirilib.
Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin artırılması və onların sosial rifahına dəstək göstərilməsi olub.

Məktəbin direktoru Arzu Alızadə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin uzun illərdir xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü bildirərək qeyd edib ki, bu cür humanitar təşəbbüslər uşaqların həm sosial, həm də mənəvi ehtiyaclarının qarşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Sumqayıt Regional Mərkəzin koordinatoru Mətanət Məhərrəmova çıxış edərək vurğulayıb ki, Qızıl Aypara Cəmiyyəti həssas qruplara, xüsusilə də sağlamlıq imkanları məhdud uşaqlara hər zaman diqqətlə yanaşıb və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi humanitar fəaliyyətlər həyata keçirib.
Tədbirin sonunda məktəbdə təhsil alan 69 ehtiyaclı uşağa isti qış geyimləri bölmənin könüllüləri tərəfindən təqdim olunub.