2025-ci il dekabrın 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin Azərbaycan dili kursunda iştirak edən miqrant ailələri Green Start Təhsil və Günəş Psixologiya Mərkəzində keçirilmiş “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il – 2026-cı ilin gəlişinə həsr olunmuş tədbirə dəvət ediliblər.
Tədbir zamanı psixoloq Rübabə Muradova və “Libra” nəşriyyatının əməkdaşı Günel Kamal uşaqlarla nağıl saatı keçirib, uşaqlar isə şəkil və məktub yazıb, plastilindən əl işləri hazırlayıblar. Mərkəzin rəhbəri Aysel xanım və müəllimə Sona Hacıyeva iştirakçıları bayram münasibətilə təbrik ediblər.
Şagirdlər Yeni il və vətən mövzusunda şeirlər və nəğmələr səsləndirib, bəstəkar Lalə Şirinin ifasında musiqilər dinləyib, rəqs ediblər. Müəllimə Sona Hacıyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında danışaraq, bu bayramların zəfər və birlik ruhu ilə qeyd edildiyini vurğulayıb.
Sonda iştirakçılar çay süfrəsinə dəvət edilib, 16 miqrant ailəsi və digər qonaqlarla xatirə şəkilləri çəkdirilib.
Yenə uşaqlar sevindirilib, yenə üzlərdə təbəssüm yaranıb. Miqrant ailələri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.