2026-cı il
fevralın 11-də İmişli rayonunda AzQAC-ın Sabirabad Regional Mərkəzi tərəfindən
mərkəzə daxil olan 7 rayon bölməsinin sədr və könüllüsünün iştirakı ilə 23 nəfərə İlk Yardım və İlk
Psixoloji Yardım üzrə təlim-məşğələ təşkil olunub.
Tədbirin açılışında Regional Mərkəzin koordinatoru Vilayət Muradlı iştirakçıları salamlayaraq bu cür təşəbbüslərin regionlarda hazırlıq səviyyəsinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.
İcraçı Katibin
müavini, Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran qeyd edib ki, Aran
zonasına daxil olan rayonların coğrafi və iqlim xüsusiyyətləri nəzərə alınaraq əməkdaş
və könüllülərin İlk Yardım və İlk Psixoloji Yardım üzrə bilik və bacarıqlarının
artırılması xüsusi əhəmiyyət daşıyır və silsilə təlimlər bundan sonrada mütəmadi
davam etdiriləcək.
Təlim AzQAC-ın İlk
Yardım üzrə mütəxəssisi Dr. Şahın Biləndərli tərəfindən nəzəri və praktiki
formada keçirilib. Hadisə yerinin qiymətləndirilməsi, zərərçəkənin ilkin müayinəsi,
ürək-ağciyər reanimasiyası, qanaxma və
yanıqlar zamanı ilkin müdaxilə, həmçinin tənəffüs yollarının yad cisimlə
tıxanması mövzuları üzrə praktiki məşğələlər təşkil olunub.
İlk Psixoloji Yardım və Psixososial dəstək üzrə çıxışlarda fövqəladə hallar zamanı fiziki və psixoloji yardımın paralel göstərilməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda
regional mərkəz və rayon bölmələrinə
metodiki
vəsaitlər və İlk Yardım ləvazimatları təqdim olunub, yaxın vaxtlarda əlavə
təlimlərin keçirilməsinin
planlaşdırıldığı bildirilib.