Azərbaycan Avropa Məktəbinin şagirdləri Azərbaycan Qızıl Aypara Cəmiyyətində ekskursiyada
Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Avropa Məktəbinin şagirdləri Azərbaycan Qızıl Aypara Cəmiyyətində ekskursiyada
2026-cı il fevralın 17-də Azərbaycan Avropa Məktəbinin müraciəti əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş qərargahında şagirdlər üçün maarifləndirici ekskursiya təşkil edilmişdir. Ekskursiyanın əsas məqsədi uşaqlarda humanitar dəyərlər yardım anlayışını formalaşdırmaq, mərhəmət, həmrəylik və könüllülük dəyərlərini aşılamaq olmuşdur.
Tədbir çərçivəsində məktəblilər Cəmiyyətin tarixi, fəaliyyəti və həyata keçirdiyi humanitar proqramlar haqqında ətraflı məlumat əldə etmişlər. Onlara fövqəladə hallarda göstərilən yardım, aztəminatlı ailələrə dəstək, sağlamlıq və sosial layihələr barədə təqdimat olunmuşdur.
Şagirdlər humanitar fəaliyyətin cəmiyyət üçün əhəmiyyəti, könüllülük prinsipləri və yardımın düzgün təşkili barədə məlumatlandırılmış, onları maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılmışdır. İnteraktiv müzakirələr və təqdimatlar vasitəsilə uşaqlarda yardımlaşma və sosial məsuliyyət hissinin gücləndirilməsi hədəflənmişdir.
Ekskursiya iştirakçıların böyük marağına səbəb olmuş, şagirdlər gələcəkdə könüllü fəaliyyətlərdə iştirak etmək istəklərini ifadə etmişlər. Bu kimi maarifləndirici təşəbbüslər gənc nəslin humanitar dəyərlər ruhunda formalaşmasına mühüm töhfə verir.
Görüşdə AzQAC-ın prezidenti, Millət vəkili Novruz Aslanov şagirdlərlə səmimi söhbət etdi və onları maraqlandıran suallar cavablandırdı.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti gələcəkdə də məktəblərlə əməkdaşlıq çərçivəsində bu cür maarifləndirici tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.