Azərbaycan Tarix Muzeyində Qızıl Aypara Guşəsi yaradılır

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Tarix Muzeyində Qızıl Aypara Guşəsi yaradılır

Azərbaycan Tarix Muzeyinin yeni istifadəyə veriləcək binasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinə həsr olunmuş xüsusi “Qızıl Aypara Guşəsi”nin yaradılması nəzərdə tutulmuşdu.

Bu məqsədlə 2026-cı il fevralın 18-də   Tarix Muzeyinin əməkdaşları Cəmiyyətimizin Baş Ofisində olmuş, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkəmizdəki zəngin tarixi və çoxşaxəli fəaliyyəti ilə bağlı arxiv materialları ilə tanış olmuşlar. Görüş çərçivəsində gələcəkdə muzeydə nümayiş etdirilməsi üçün tarixi sənədlər, fotoşəkillər, çap materialları və müxtəlif eksponatlar üzrə birgə seçim aparılmışdır.

Azərbaycan QAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, İcraçı Katibin müavini Xalidə İsgəndərova yaradılacaq guşə ilə bağlı öz təkliflərini vermiş, Cəmiyyət tərəfindən onlara lazımı materialların verilməsinə hazır olduqlarını bildirmişlər.

Yaradılacaq guşə vasitəsilə ziyarətçilərə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi, humanitar fəaliyyəti, fövqəladə hallara cavab tədbirləri, sosial layihələri və beynəlxalq əməkdaşlıq istiqamətləri və s. barədə ətraflı məlumat təqdim olunacaqdır. Guşə həmçinin, Cəmiyyətin ölkəmizdə humanizm və mərhəmət dəyərlərinin təşviqində oynadığı mühüm rolu əks etdirəcəkdir.

Bu təşəbbüs Qızıl Aypara ideyalarının geniş ictimaiyyətə çatdırılması, tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühümdür.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq, bu dəyərli əməkdaşlığa görə Azərbaycan Tarix Muzeyinin rəhbərliyinə və kollektivinə təşəkkürümüzü bildirir, yeni muzey binasında yaradılacaq Qızıl Aypara Guşəsinin uğurla fəaliyyət göstərəcəyinə inanırıq.