Lənkəranda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin operativ regional müşavirəsi keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / Lənkəranda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin operativ regional müşavirəsi keçirilib
2026-cı il martın 5-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz. Aslanov Lənkəran şəhərində Cəmiyyətin Lənkəran regional mərkəzinə daxil olan yerli bölmələrin əməkdaşları və könüllüləri ilə geniş tərkibli müşavirə keçirib.
Müşavirədə region üzrə həyata keçirilən humanitar fəaliyyət, sosial yardım proqramları, fövqəladə hallara hazırlıq tədbirləri və könüllülük hərəkatının inkişafı məsələləri geniş müzakirə olunub.
Tədbirdə çıxış edən Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkənin müxtəlif bölgələrində humanitar missiyanı uğurla həyata keçirdiyini qeyd edib. O bildirib ki, təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri ehtiyacı olan insanlara yardım göstərmək, sosial həssas qrupları dəstəkləmək və cəmiyyətdə humanizm və həmrəylik dəyərlərini təşviq etməkdir. Bu baxımdan regionlarda fəaliyyət göstərən bölmələrin işi xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, müşavirə zamanı regionda və dünyada son dövrlərdə müşahidə olunan geosiyasi gərginliklərin humanitar təşkilatların fəaliyyətinə təsiri məsələsinə də toxunulub. Qeyd olunub ki, belə şəraitdə fövqəladə hallara hazırlığın gücləndirilməsi, əhalinin maarifləndirilməsi və operativ reaksiya mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional strukturlarının texniki imkanlarının artırılması, könüllülərin fövqəladə hallara cavab vermə bacarıqlarının inkişaf etdirilməsi və humanitar yardımın çevik şəkildə çatdırılması istiqamətində görülən işlər, həmçinin fövqəladə vəziyyətlər zamanı koordinasiyanın gücləndirilməsi, ilkin tibbi yardım, təxliyə və əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı praktiki hazırlıq tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti regionlarda fəaliyyət göstərən bölmələr vasitəsilə icmaların dayanıqlığının artırılması, risklərin azaldılması və fövqəladə hallara operativ humanitar cavabın təmin olunması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Müşavirə çərçivəsində Lənkəran regional mərkəzinin fəaliyyəti ilə bağlı hesabat təqdim olunub, həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verilib. Eyni zamanda qarşıda duran vəzifələr, yeni təşəbbüslər və regional fəaliyyətin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüş zamanı əməkdaş və könüllülərin təklifləri dinlənilib, humanitar fəaliyyətin səmərəliliyinin artırılması və regional bölmələrin fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Sonda təşkilatın fəaliyyətinə töhfə verən əməkdaş və könüllülərə təşəkkür bildirilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.