Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının növbəti iclası keçirilmişdir
Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının növbəti iclası keçirilmişdir
2026-cı il martın 6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətini baş ofisində İdarəetmə Şurasının növbəti iclası keçirilmişdir. İclasda Cəmiyyətin prezidenti,
İdarəetmə Şurasının sədri Novruz Aslanov, İdarəetmə Şurasının üzvləri və
əməkdaşları iştirak
etmişdir.Gündəlikdə duran cari təşkilati
məsələlərlə yanaşı son günlər regionda baş verən hadisələr və onların mümkün
humanitar təsirləri geniş müzakirə olunmuşdur.
Novruz
Aslanov öz çıxışındaənənəvi fəaliyyətlərə uyğun, xüsusilə fövqəladə və böhran
vəziyyətlərində Cəmiyyətin fəaliyyətinin operativ təşkili, humanitar
reaksiyanın səmərəli şəkildə həyata keçirilməsi və zəruri hallarda təşkilatın
bütün struktur bölmələrinin səfərbər edilməsi məsələlərini diqqətə
çatdırmışdır.
Qeyd edilmişdir ki, belə hallarda əhalinin humanitar ehtiyaclarının vaxtında
qiymətləndirilməsi, həssas qruplara dəstəyin göstərilməsi və
aidiyyəti qurumlarla əlaqələndirilmiş fəaliyyətin təşkili xüsusi əhəmiyyət kəsb
edir.
İclas çərçivəsində Cəmiyyətin
yerli bölmələrinin bölgələrdə gördüyü işlər, humanitar hazırlıq səviyyəsinin
artırılması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin könüllülərin
fövqəladə hallar zamanı davranış qaydaları və operativ fəaliyyətə cəlb olunması
məsələləri də ətraflı müzakirə edilmişdir. Bildirilmişdir ki, yerli bölmələrin
və könüllü şəbəkəsinin potensialının gücləndirilməsi, onların fövqəladə hallara
hazırlığının artırılması və humanitar prinsiplərə uyğun fəaliyyətinin təmin
edilməsi Cəmiyyətin əsas prioritet istiqamətlərindən biridir.
İdarəetmə Şurası tərəfindən
vurğulanmışdır ki, Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Hərəkatının fundamental prinsiplərinə uyğun olaraq, humanitar
fəaliyyətin qərəzsiz, neytral və operativ şəkildə həyata keçirilməsi daim
diqqətdə saxlanılmalı, bu istiqamətdə institusional hazırlıq və koordinasiya
mexanizmləri daha da gücləndirilməlidir.
İclasın yekununda müzakirə
olunan məsələlər üzrə qərarlar qəbul edilmiş, aidiyyəti struktur bölmələrə
müvafiq tapşırıqlar verilmişdir.
İclasın sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirak edən bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib. O, qadınların Cəmiyyətin inkişafında, humanitar fəaliyyətin həyata keçirilməsində və xeyriyyəçilik ənənələrinin yaşadılmasında mühüm rol oynadıqlarını vurğulayaraq onlara möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bayram münasibətilə xanım əməkdaş və könüllülərə xatirə hədiyyələri və fəxri fərmanlar təqdim olunub.