AzQAC Beynəlxalq QXQAC Federasiyası ilə birlikdə "Fəal cavabvermə tədbirlərinə hazırlıq" mövzusunda orientasiya seminarı keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Beynəlxalq QXQAC Federasiyası ilə birlikdə "Fəal cavabvermə tədbirlərinə hazırlıq" mövzusunda orientasiya seminarı keçirib

2026-cı il Martın 11–12-də  “Hyatt Regency” otelinin “Nizami” konfrans zalında Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) birgə təşkilatçılığı ilə "Fəal cavabvermə tədbirlərinə hazırlıq" (Preparedness for Effective Response - PER) mövzusunda orientasiya seminarı keçirilmişdir.

İki gün davam edən bu tədbir AzQAC-ın 2026-2030-cu illər üzrə Strategiyasına və gələcək "TƏHLÜKƏSİZLİK-SAFER" proqramına əsaslanan mühüm addımdır. Seminarın əsas məqsədi PER mexanizmlərinin tətbiqi, məlumat mübadiləsi və Milli Cəmiyyətin fövqəladə hallara cavabvermə potensialını beynəlxalq standartlar səviyyəsinə çatdırmaqdır.

Təlim müddətində iştirakçılar aşağıdakı kritik mövzuları ətraflı müzakirə etmişlər:

PER Mexanizmi ilə Tanışlıq: Seminarın ilk günündə PER yanaşmasının mahiyyəti, Milli Cəmiyyətin bu sahədəki ambisiyaları və praktik təcrübə sessiyaları keçirilmişdir.

Keçmiş Təcrübələrin Təhlili: Əvvəlki cavab tədbirlərində qarşılaşılan çətinliklər təhlil olunmuş, çatışmazlıqların aradan qaldırılması yolları müəyyənləşdirilmişdir.

Əməliyyat və Proqramlaşdırma: İkinci gün PER mexanizminin həm cari əməliyyatlar, həm də hazırlıq proqramlaşdırması ilə əlaqələndirilməsinə həsr olunmuşdur. Eyni zamanda, vəkillik (advocacy) təlimləri vasitəsilə ehtiyacların mexanizmlərlə uyğunlaşdırılması mövzusu işlənilmişdir.

Dəyişikliklərin İdarə Edilməsi: Uğur amilləri və tələb olunan öhdəliklər barədə müzakirələr aparılaraq, qurumun daxili transformasiya prosesinə hazırlığı qiymətləndirilmişdir.

Seminar zamanı vurğulanmışdır ki, istər baş vermiş, istərsə də gələcəkdə baş verə biləcək hər hansı hadisəyə düzgün şəkildə hazır olmaq Milli Cəmiyyətin əsas prioritetidir. Bu prosesdə:

İşçi heyəti və könüllülərə lazımi bilik və bacarıqların aşılanması;

Fəaliyyətlərin düzgün koordinasiya olunması;

Resursların operativ idarə edilməsi həyati əhəmiyyət kəsb edir.

PER mexanizmi üzləşən hadisələrə kompleks şəkildə yanaşmanı təmin edir. Bu sistem hər bir Milli Cəmiyyətə öz hərtərəfli imkanlarını, hazırlıq səviyyəsini və real ehtiyaclarını dərindən öyrənmək üçün əlverişli şərait yaradır. Belə bir yanaşma, yardıma ehtiyacı olan insanlara daha sürətli və keyfiyyətli xidmət göstərməyə imkan verir.

Seminarın sonunda AzQAC-ın növbəti dövrlər üçün ilkin planlaşdırma və hazırlıq mərhələləri müəyyən edilmişdir. Bu tədbir Milli Cəmiyyətin həm yerli, həm də regional müstəvidə daha effektiv və sürətli humanitar yardım göstərmək qabiliyyətini gücləndirəcəkdir.

Böyük bir prosesə ilkin giriş olaraq, bu seminarın geniş şəkildə (5 günlük təlim) təkil olunması Aprel ayında gözlənilir. Gələcək təlim üçün lazım olunan hazırlıq işlərin aparılması nəzərdə tutlur.