2026-cı il martın 13-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisi və Saatlı rayon bölməsinin birgə təşkilatçılığı ilə Saatlıda, bölmələrin işçi və könüllüləri üçün birgünlük intensiv ilk yardım təlimi təşkil olunub. Təlimin əsas məqsədi məişətdə, gündəlik şəraitdə, o cümlədən fövqəladə hallar zamanı operativ müdaxilə bacarıqlarını təkmilləşdirmək və ilk tibbi yardımın düzgün göstərilməsi qaydalarını iştirakçılara aşılamaqdır.
Təlim proqramı həm nəzəri, həm də praktiki hissələri əhatə edib. Peşəkar təlimçi və İlk Yardım koordinatoru Dr. Şahin Biləndərli tərəfindən iştirakçılara aşağıdakı vacib mövzulara dair izahatlar verilmişdir.
Ürək-ağciyər reanimasiyası
(ÜAR) və tənəffüs yolunun tutulması zamanı müdaxilə;
Qanaxmalar, burun qanaxması və
göstərilən ilk yardım;
Sınıqlar, çıxıqlar və zədələnmələr
zamanı immobilizasiya qaydaları;
Yanıqlar, onların növləri və göstərilən
ilk yardım;
Soyuq vurma halında ilkin
davranışlar;
Zəhərlənmələr, zəhərlənmə
yoları və ilk yardım.
Nəzəri biliklər real vəziyyətlərə uyğunlaşdırılmış praktiki təqdimatlarla müşahidə olunmuş və xüsusi vasitələrlə nümayiş etdirilmişdir. Könüllülər və əməkdaşlar praktiki hissədə fəal iştirak etməklə, ekstremal şəraitdə vaxt itirmədən doğru qərar vermək bacarıqlarını sınaqdan keçirmişdir.
Tədbir zamanı bildirilmişdir ki, bu növ təlimlərin mütəmadi keçirilməsi cəmiyyətin humanitar missiyasının ayrılmaz hissəsidir. Hər bir könüllü və əməkdaş lazım gəldikdə peşəkar yardım göstərməyə hazır olmalıdır, çünki düzgün göstərilən ilk yardım insan həyatını xilas edən ən vacib amildir.
Təlimin sonunda iştirakçıların bilik səviyyəsi sorğu-sualla qiymətləndirilmişdir. AzQAC bu istiqamətdə maarifləndirmə tədbirlərini mütəmadı olaraq davam etdirməkdədir.