Əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirici fəaliyyətlərin aparılması Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prioritet istiqamətlərindən biridir. Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində məktəblilər arasında mütəmadi olaraq sağlam həyat tərzi mövzusunda seminar və görüşlər təşkil olunur.
Bu günlərdə Binəqədi rayonunda
yerləşən “Gold Language” tədris mərkəzində “Sağlamlıq – sağlam qidalanmadan
başlayır” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi uşaq və
yeniyetmələr arasında sağlam qidalanma vərdişlərinin təşviqi və onların sağlam
inkişafı barədə məlumatlandırma olub.
Tədbirdə pediatr həkimlər Mətanət Qaraxanova və Həmidə Ələfsərova tərəfindən şagirdlərə sağlam qidalanmanın 10 qızıl qaydası, düzgün qidalanmanın uşaqların inkişafında rolu barədə məlumat verilib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Sonda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici vərəqələr paylanılıb. Həmçinin “Gold Language” tədris mərkəzinin rəhbərliyi tərəfindən tədbirdə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.