2026-cı il martın 10-da və 17-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.
Görüşlərin əsas məqsədi yeni təşəbbüs olan TƏHLÜKƏSİZLİK (SAFER-AZ) proqramının təqdimatı və ilkin icra istiqamətləri üzrə razılığın əldə olunması olub. Müzakirələr zamanı maarifləndirmə, təhlükəsiz fəaliyyət sahələri üzrə əməkdaşlıq, tərəflərin rolları və əlaqələndirici şəxslərin müəyyən edilməsi kimi məsələlərə xüsusi diqqət yetirilib.
Qeyd edilib ki, proqramın əsas məqsədi fəlakətlərə hazırlıq və erkən xəbərdarlıq sistemlərini gücləndirmək, əhalinin məlumatlılığını artırmaq və icmaların dayanıqlığını təmin etməkdir. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, IFRC əsas müraciətçi, AzQAC isə icraçı tərəfdaşdır.
Eyni zamanda vurğulanıb ki, proqram ANAMA və FHN-in fəaliyyətlərini tamamlayaraq “erkən xəbərdarlıq – erkən fəaliyyət” yanaşması əsasında icmaların təhlükəsizliyini artırmağı hədəfləyir. Xüsusilə mina və partlamamış hərbi sursat risklərinin mövcud olduğu ərazilərdə bu yanaşmanın əhəmiyyəti qeyd olunub.
Görüşlərdə tərəflər arasında mövcud uğurlu əməkdaşlıq münasibətləri xatırladılıb və birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi bildirilib.
Sonda SAFER-AZ proqramının regionda humanitar çağırışlara cavab verən mühüm təşəbbüs olduğu qeyd olunub və yaxın aylarda praktiki fəaliyyətlərin başlanacağı bildirilib.