Təbii fəlakət yerinə baxış keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Təbii fəlakət yerinə baxış keçirilib

2026-cı il aprelin 6-da müşahidə olunan intensiv yağıntılar nəticəsində Keşlə qəsəbəsinin ərazisində bəzi küçə və yaşayış sahələri su altında qalmış, əhali üçün müəyyən çətinliklər yaranmışdır.

Mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti İcraçı katibinin müavini Elşən Səlimzadənin rəhbərliyi ilə mobil işçi qrup tərəfindən əraziyə baxış keçirilmişdir. Baxış zamanı faktiki vəziyyət yerində təhlil edilmiş, zərər çəkmiş əhalinin ilkin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Hazırda aidiyyəti üzrə zərər çəkmiş şəxslərin siyahısının tərtib edilməsi, mövcud resursların qiymətləndirilməsi və zəruri yardım tədbirlərinin planlaşdırılması prosesi davam etdirilir. İlkin mərhələdə vətəndaşların gigiyenik vasitələrlə təmin olunması nəzərdə tutulur və bu istiqamətdə təşkilati tədbirlər həyata keçirilir.

Bununla yanaşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində ərazidə yaranmış vəziyyətə ilkin müdaxilə təmin olunmuş, sakinlərin təhlükəsiz ərazilərə təxliyəsi həyata keçirilmişdir.