2026-cı il aprelin 13-də
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında tanınmış yazıçı və
bəstəkar Xanım İsmayılqızının doğum günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov yubilyarı səmimi
qəlbdən təbrik edərək, onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına
verdiyi mühüm töhfələri xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, Xanım
İsmayılqızının zəngin yaradıcılığı milli-mənəvi dəyərlərin təbliği, ədəbi mühitin
zənginləşdirilməsi və oxucu zövqünün formalaşması baxımından mühüm əhəmiyyət
kəsb edir. Eyni zamanda onun Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində
fəal iştirakı və ölkənin ictimai həyatında göstərdiyi yüksək ictimai fəallıq
xüsusi qeyd olunmuşdur.
Tədbirdə həmçinin əməkdar
jurnalistlər Qafar Əsgərzadə və Şəmsiyyə Kərimova çıxış edərək Xanım
İsmayılqızını təbrik etmiş, onun yaradıcılıq fəaliyyətini yüksək
qiymətləndirmiş və gələcək fəaliyyətində yeni uğurlar arzulamışlar.
Xanım İsmayılqızına
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illik yubiley nişanı təqdim
olunmuşdur. Bu mükafat onun sənət sahəsində əldə etdiyi nailiyyətlərin, ədəbi
fəaliyyətinin, Cəmiyyətin fəaliyyətindəki xidmətlərinin və ölkənin
mədəni-ictimai həyatına verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsi
kimi təqdim edilmişdir.
Tədbirin sonunda iştirakçılar
yubilyara möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları
arzulamışlar.