2025-ci il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş seminar keçirilib
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində könüllü sağlamlıq işçiləri əhali arasında davamlı olaraq geniş səhiyyə maarifləndirmə işləri aparır, tibbi-sosial yönümlü tədbirlərin təşkilində və həyata keçirilməsində fəal iştirak edirlər.
AzQAC-ın könüllü sağlamlıq işçiləri — Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosentləri, pediatr Mətənət Qaraxanova, mama-ginekoloq Reyhanə Hacıyeva və Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı Həmidə Ələfsərova tərəfindən Binəqədi qəsəbəsində yerləşən “Gold Language” tədris mərkəzində 7 Aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş seminar təşkil edilib.
Seminar zamanı iştirakçılara sağlamlığa təsir edən amillər, onun qorunması yolları, Ümumdünya Səhiyyə Təşkilatının “Vahid Sağlamlıq” konsepsiyası və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verilib. Mövzu ilə bağlı təqdimatı Mətənət Qaraxanova edib.