“Humanitar Xidmət Mərkəzinin qurulması (HXM)”, “Kimyavi Bioloji Radioloji Nüvə (KBRN) silahları istifadə olunduğu şəraitdə könüllülərin rolu və davranışı”, “İlk Yardım/İlk Psixoloji Yardım və Psixososial Dəstək (PSD)” mövzuları üzrə təlim

Əsas səhifə / XƏBƏRLƏR / “Humanitar Xidmət Mərkəzinin qurulması (HXM)”, “Kimyavi Bioloji Radioloji Nüvə (KBRN) silahları istifadə olunduğu şəraitdə könüllülərin rolu və davranışı”, “İlk Yardım/İlk Psixoloji Yardım və Psixososial Dəstək (PSD)” mövzuları üzrə təlim

18-19 aprel 2026-il tarixlərində Lənkaran şəhərində  AzQAC Lənkaran və Yardımlı Rayon bölmələrinin AzQAC Lənkaran RM-nin təşkilatçılığı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının maliyyə və texniki dəstəyi ilə işçi heyyəti və könüllülərinə “Humanitar Xidmət Mərkəzinin qurulması (HXM)”, “Kimyavi Bioloji Radioloji Nüvə (KBRN) silahları istifadə olunduğu şəraitdə könüllülərin rolu və davranışı”, “İlk Yardım/İlk Psixoloji Yardım və Psixososial Dəstək (PSD)” mövzularında təlim keçirilmişdir.


Təlim AzQAC-nin İcraçı katibinin müavini/Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran və cəmiyyətin İlk yardım koordinatoru Şahin Biləndərli tərəfindən keçirilmişdir.
İki günlük intensiv təlim proqramı çərçivəsində iştirakçılara ilk növbədə KBRN (Kimyəvi, Bioloji, Radioloji və Nüvə) təhlükələrinin mahiyyəti və dörd əsas təhlükə qrupu barədə geniş məlumat verilmişdir. Təlimdə könüllülərin böhran anındakı rolu, davranış qaydaları və səlahiyyət çərçivələri «Özünə zərər verməmək» alqoritmi əsasında izah edilmiş, təhlükə zonalarının xəritələndirilməsi, ilk 10 dəqiqədə operativ hərəkət planı, fərdi müdafiə vasitələrindən istifadə və dekontaminasiya qaydaları praktiki şəkildə nümayiş olunmuşdur. Eyni zamanda, əhali ilə işin xüsusiyyətləri diqqət mərkəzində saxlanılaraq, fövqəladə hallar zamanı yayılan şayiələrin qarşısının alınması metodları iştirakçılara təqdim edilmişdir. Təlimin növbəti mərhələsində isə Humanitar Xidmət Mərkəzlərinin (HXM) fəaliyyət prinsipləri, bu mərkəzlərin yaradılma zərurəti və təqdim olunan xidmətlərin təşkili qaydaları ətraflı şəkildə izah olunmuşdur.


Böhran anında tam dəstəyin göstərilməsinə İlk Yardımdan başlayaraq İlk Psixoloji Yardım, Psixososial Bərpaya Qədər göstərilən xidmətlər daxildir. Gözlənilməz hadisələr və fövqəladə hallar zamanı insan həyatını xilas etmək təkcə tibbi müdaxilə ilə bitmir; bu, həm fiziki, həm də mənəvi bütövlüyün qorunmasını tələb edən kompleks bir prosesdir. İlk yardım – hadisə yerində peşəkar tibbi heyət gələnə qədər həyata keçirilən operativ müdaxilədir. Burada əsas məqsəd həyati funksiyaları qorumaq, qanaxmalar, sınıqlar, kritik hallar zamanı ilk yardım göstərmək və vəziyyətin ağırlaşmasının qarşısını almaqdır. Lakin fiziki yara sağalmağa başlasa da, hadisənin buraxdığı izlər insanın daxili dünyasında qalır. Məhz bu məqamda ilk psixoloji yardım (İPY) dövrəyə girir. İPY çətin vəziyyətdə olan insana göstərilən ilk praktiki dəstəkdir. "Bax, Dinlə, Əlaqə qur" prinsipləri üzərində qurulan bu addım, zərərçəkmişi sakitləşdirməyə, onu təhlükəsiz hiss etdirməyə və tənha olmadığını hiss etdirməyə xidmət edir. Böhranın kəskin mərhələsi keçdikdən sonra isə psixososial dəstək prosesi başlayır. Bu mərhələ fərdin yenidən cəmiyyətə adaptasiyasına və sarsıntıdan sonrakı uzunmüddətli bərpasına yönəlir. Psixososial dəstək həm fərdi, həm də icma səviyyəsində həyata keçirilərək, insanların öz daxili resurslarını kəşf etməsinə və sosial bağlarını gücləndirməsinə kömək edir. Nəticə etibarilə, bu üç komponent bir zəncirin halqaları kimidir. Fiziki yardım həyatı xilas edir, psixoloji və psixososial dəstək isə həmin həyatın keyfiyyətini bərpa edərək insanın yenidən ayağa qalxmasına imkan yaradır.
Qeyd etmək lazımdır ki, mövzular əsasında izahatlarla yanaşı, eyni zamanda grup işləri və praktiki məşğələlər də aparılmışdır. İşçilərə və könüllülərə verilən biliklərə dair belə bir tapşırıqların mütəmadi olaraq öz aralarında təşkil edilməsi tövsiyə edilmişdir.


Tədbirin sonunda AzQAC-ın Lənkəran Regional Mərkəzinin koordinatoru Zəfər Miriyev çıxış edərək tədbirin əhəmiyyətini qeyd etmiş, onun aparılmasında minnətdarlığını bildirmişdir. O, bu qəbildən olan silsilə təlimlərin Lənkəran Regional Mərkəzinin əhatə etdiyi digər rayon bölmələrinin işçi heyəti və könüllüləri üçün davamlı şəkildə təşkil edilməsinin planlaşdırıldığını diqqətə çatdırmışdır.