2026-cı il aprelin 30-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti cənab Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti xanım Miryana Spolyariç ilə görüş keçirib. Görüş zamanı iki təşkilat arasında davam edən əməkdaşlıq, xüsusilə humanitar fəaliyyətin mühüm aspektlərindən biri olan ailə əlaqələrinin bərpası və qorunub saxlanılması məsələləri müzakirə olunub.
Hər iki təşkilat rəhbəri AzQAC və BQXK arasında mövcud olan dayanıqlı tərəfdaşlığın humanitar problemlərin həllində mühüm rol oynadığını vurğulayıb. Onlar mövcud prioritetləri müzakirə edərək, münaqişələrdən və digər böhranlardan təsirlənmiş həssas icmaların və fərdlərin ehtiyaclarına cavab verməyin vacibliyini qeyd ediblər. Hər iki təşkilatın Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas prinsiplərinə sadiqliyi xüsusi vurğulanıb.
Cənab Aslanov, həmçinin, AzQAC-ın Azərbaycanda həssas əhali qruplarına dəstək göstərməkdəki mühüm rolundan danışıb və cəmiyyətin humanitar ehtiyacların ödənilməsinə və yeni yaranan çağırışlara cavab vermək qabiliyyətini gücləndirməyə sadiqliyini bir daha təsdiqləyib.