Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə “İDRAK” Liseyi arasında artıq dörd ildir ki, uğurlu və səmərəli əməkdaşlıq münasibətləri davam edir. Bu illər ərzində bir sıra xeyriyyə layihələri və humanitar tədbirlərlə yadda qalan bu tərəfdaşlıq çərçivəsində, növbəti maarifləndirici görüş keçirilib.
Beləliklə, Liseyin müraciəti və dəvəti əsasında, 2026-cı il 6–17 aprel tarixlərində 130 nəfərlik şagird və müəllim heyəti üçün “İlk yardım” təlimləri təşkil olunub.
Təlim zamanı AzQAC-ın İlk yardım koordinatoru Dr. Şahin Biləndərli iştirakçılara bu mövzunun həyati əhəmiyyətindən bəhs edərək, hər bir fərdin zəruri ilkin bilik və vərdişlərə sahib olmasının vacibliyini vurğulayıb.
Təlim proqramına aşağıdakı mövzular daxil edilib:
- Qanaxmalar:
Növləri və göstərilən ilk yardım;
- Sınıqlar:
Növləri və immobilizasiya qaydaları;
- Yanıqlar:
Dərəcələri, səbəbləri və müdaxilə yolları;
- Tənəffüs
yollarının yad cisimlə tutulması: Heymlik (Heimlich)
üsulunun tətbiqi;
- Zəhərlənmələr:
Başvermə yolları və ilk yardım;
- Hipertermiya (isti
vurma): Profilaktika və yardım üsulları;
- Zərərçəkənlərin daşınma qaydaları.
Təlim prosesində nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərə də geniş yer ayrılıb. Bu da şagird və müəllim heyətinin böyük marağına səbəb olub.
Tədbirin
yekun günündə AzQAC-ın İcraçı katibinin müavinləri — “Sağlamlıq və qayğı”
şöbəsinin müdiri Səbinə Məhbubi-İran və “Gənclər və könüllülər” şöbəsinin
müdiri Xalidə İsgəndərova, həmçinin koordinator Dr. Şahin Biləndərli
iştirakçılarla görüşüblər. Çıxış edən rəsmilər qeyd ediblər ki, bu cür təlimlər
insanlara kritik anlarda soyuqqanlı davranmaq və başqasının həyatını xilas
edərək cəmiyyət üçün faydalı olmaq imkanı qazandırır və kiminsə həyatını xilas etdikdə özlərini “qəhraman”
hiss etmələrinə imkan yaradır.
Sonda təlimi uğurla başa vuran müəllimlərə sertifikatlar və “İlk yardım” broşürləri təqdim olunub, bütün iştirakçılarla xatirə şəkili çəkdirilib.
Lisey rəhbərliyi adından çıxış edən Samirə xanım Teymurova göstərilən dəstəyə görə AzQAC-a təşəkkürünü bildirib və gələcəkdə də bu növ maarifləndirici layihələrin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Vurğulamaq lazımdır ki, təşkil olunan bu silsilə tədbirlər 8 May –
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Gününə həsr edilib. Hərəkatın banisi Anri
Dünanın doğum günündə qeyd olunan bu tarixi gün dünya miqyasında milyonlarla
işçi və könüllünün fədakar humanitar fəaliyyətinə ehtiram nümayiş etdirir. Eyni
zamanda, bu özəl gün bəşəriyyətə müharibə və təbii fəlakətlərdən zərər çəkmiş
insanlara yardımı əsirgəməməyin nə qədər zəruri olduğunu bir daha
xatırladır."