2026-cı il mayın 4-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdində ölkəmizə pənah gətirmiş miqrant ailələrinin üzvləri üçün təşkil olunan Azərbaycan dili kursları çərçivəsində növbəti dərs keçirilib. Dərslər rəngarəngliyi ilə müdavimlərin marağına səbəb olub.
AzQAC-ın Qobustan Rayon Bölməsinin sədri Nemət Alcanovun təşəbbüsü ilə miqrant müdavimlər üçün Azərbaycan coğrafiyasına həsr olunmuş dərs təşkil olunub. Dərsin məqsədi iştirakçılara ölkəmizin ərazisi, təbiəti, iqlimi, çayları və Xəzər dənizi haqqında məlumat vermək və onları fiziki və xəritə ilə tanış etmək olub.
İnteraktiv formatda keçirilən dərs zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb və tədbir çay süfrəsi arxasında davam edib.
Sonda şagirdlər təşəbbüsə görə təşəkkür edərək bu cür dərslərin davamlı olmasını arzulayıblar.