AzQAC-da Türk Dövlətləri Təşkilatının Gənclər Şəbəkəsi ilə görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-da Türk Dövlətləri Təşkilatının Gənclər Şəbəkəsi ilə görüş keçirilib

2026-cı il may ayının 7-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Türk Dövlətləri Təşkilatına üzv olan milli Cəmiyyətlərin Qırmızı Şəbəkəsi çərçivəsində və Gənclər Komitəsi nəzdində yaradılan Gənclər Şəbəkəsinin  üzvləri arasında 8 may Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Günü qeyd edilib. Bu tarix Hərəkatın yaradıcısı, ilk Nobel Sülh Mükafatı laureatı Henri Dünanın doğum gününə təsadüf edir və bütün dünyada humanitar fəaliyyətin, könüllülük prinsiplərinin təbliği məqsədini daşıyıb.

AzQAC İcraçı Katibin müavinləri Xalidə İsgəndərova və Səbinə Məhbubi-İran iştirakçılara bu tarixi günün yaranması haqqında məlumatı xatırladaraq, eyni zamanda Hərəkatın əsas prinsipləri və dəyərləri, tərkib hissələri və onların fəaliyyətləri barədə ətraflı məlumat verilib.

2026-cı il Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü üçün müəyyən edilmiş rəsmi şüarı  "Bəşəriyyət naminə" kimi səslənir. Bundan əlavə, bir sıra regional kampaniyalarda "İnsanlıq tərəfində" (On the side of Humanity) və ya "Bəşəriyyəti yaşadaraq" (Keeping Humanity Alive) kimi köməkçi şüarlardan da istifadə olunub. Bu şüarlar ümumilikdə öz icmalarına kömək edən, onların ayrılmaz hissəsi olan, böhran anlarında icmaların yanında kənar şəxs kimi deyil, onların bir parçası kimi dayanan  könüllülər və əməkdaşların əvəzsiz rolunu vurğulayır. Getdikcə mürəkkəbləşən və parçalanan dünyada onlar mərhəməti fəaliyyətə çevirərək, ən vacib anlarda ümid, ləyaqət və dəstək təqdim edirlər. Bu gün, həmçinin, neytral, müstəqil və qərəzsiz dəstəyin harada olmalarından asılı olmayaraq, ehtiyacı olan hər kəsə çatmasını təmin edərək humanitar fəaliyyəti dəstəkləmək və qorumaq üçün bir çağırışdır. 2026-cı il mövzusunun əsas istiqamətləri bunlardır:

-Həmrəylik: Qlobal böhranlar, münaqişələr və təbii fəlakətlər qarşısında səylərin birləşdirilməsi çağırışı;
-Yerli icmaların dəstəklənməsi: Humanitar yardımın zərərçəkmişlərin yanında olan, onlarla eyni mühiti paylaşan insanlar tərəfindən göstərildikdə daha effektiv olmasının etirafı;

-İnsanpərvərliyin qorunması: Böhranın miqyasından və statistikadan asılı olmayaraq, hər bir fərdin ləyaqətinə və onlara qarşı şəfqət hissinə göstərilən xüsusi diqqət.

Nəzərə alaraq ki, böhranlar, fövqəladə hallar, daxili və xarici münagişələr son zamanlar daha intensiv və mürəkkəb xarakter almışdır, bu da Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, ona tərkib hissələrinin, həmçinin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin fəaliyyətlərinin yeni standartlara uyğunlaşdırılmasını zəruri edib.

Bu anlayışa əsaslnaraq şəbəkənin üzvlərinə AzQAC və Beynəlxal Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən təşkil edilmiş beş günlük “Fövqəladə Hallar zamanı Fəal Cavab Tədbirlərinə Hazırlıq (PER) və Özünüqiymətləndirmə” mövzusunda təlim və onun nəticəsi olan plan haqqında əlavə məlumat verilmişdir. İki illik dövr üçün nəzərdə tutulan planın əsas məqsədi, Milli Cəmiyyətin fövqəladə hallara hazırlığı üzrə və fəlakət risklərinin idarə olunması sahəsində müəyyən edilmiş prioritet sahələrə uyğun olaraq, onun institusional potensialını gücləndirməkdən ibarətdir. İştirakçılar üçün qeyd edilmişdir ki, planın təkmilləşdirilməsi üzrə işlər hələ də davam etdirilir, lakin ümumi anlayış və əsas prioritetlər artıq tam formalaşıb.

Mövzunun yekununda şəbəkə nümayəndələrinə müəyyən edilmiş vaxt çərçivəsində Fövqəladə Halların İdarə Edilməsi Siyasəti və Strategiya sənədlərinin hazırlanmasına dair təkliflərini təqdim etmək tapşırılmışdır. Eyni zamanda tədbirin təşkilatçıları iştirakçıların fövqəladə hallar sahəsində siyasət və strategiya anlayışlarını nə dərəcədə dəqiq fərqləndirdiklərini müəyyənləşdirmək üçün auditoriyaya müraciət edilib. Nəticədə belə bir acıqlama verildi ki, Siyasət (Policy) — fəaliyyətin ümumi qaydaları, prinsipləri və istiqamətidir. O, "Nə etməli?" və "Hansı prinsiplərə əməl etməli?" suallarına cavab verib. Strategiya (Strategy) — qoyulmuş məqsədlərə çatmaq üçün hazırlanmış konkret və uzunmüddətli fəaliyyət planıdır. O, "Necə etməli?" sualına cavab verib.

Hər iki mövzuların maraqlı və əhəmiyyətli olduğunu qeyd edən Gənclər Qırmızı Şəbəkənin üzvləri tədbirin təşkil olunması, onun interaktiv şəkildə keçirilməsi üçün AzQAC-ın Baş ofisinə təşəkkürlərini bildirilib.

Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatına üzv olan Milli Cəmiyyətlərin Qırmızı Şəbəkəsinin yaradılmasının əsas məqsədi gənclər arasında əməkdaşlığın gücləndirilməsi, onların tərəfindən müxtəlif layihələrin təqdim edilməsi, regional səviyyədə təcrübə mübadiləsinin təşviqi və birgə humanitar təşəbbüslərin formalaşdırılmasından ibarətdir. Türk Dövlətləri Təşkilatının humanitar şəbəkəsinin təsis edildiyi gün imzalanan Türk Qırmızı Şəbəkəsinin Prezidentlər Şurasının Bakı Bəyannaməsində əsas prioritetlərdən biri Fövqəladə Hallara Hazırlıq və Cavabvermə sahəsi olunub. Məhz bu səbəbdən, sözügedən görüşdə bu mövzu xüsusi diqqət mərkəzində saxlanılıb.