8-may, Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü!

Əsas səhifə / XƏBƏRLƏR / 8-may, Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü!

Əziz dostlar!
Ümumdünya  Qızıl Xaç və Qızıl Aypara Günü ideyası Birinci Dünya Müharibəsindən sonra, Qızıl Xaçın 14-cü Beynəlxalq Konfransında "bütün dünyada tətbiq oluna biləcək və sülhə böyük töhfə verəcək illik aksiya" müzakirə edilərkən ortaya çıxıb.
8 may tarixinin seçilməsi isə Beynəlxalq Qızıl Xaç Komitəsinin yaradıcısı Anri Dünanın doğum günü olması ilə bağlıdır. Əvvəllər "Beynəlxalq Qızıl Xaç Günü" kimi tanınan ilk bayram 1948-ci il mayın 8-də qeyd edilib.
Günün rəsmi adı zamanla dəyişərək 1984-cü ildən "Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü" kimi qəbul olunub.
Bu gün hər il olduğu kimi, Qızıl Xaç və Qızıl Aypara könüllülər şəbəkəmizi ucaltmaq, ümumi bəşəriyyətə olan sarsılmaz sadiqliyimizi bir daha təsdiqləmək və Fundamental Prinsiplərimiz barədə düşünmək üçün bir fürsətdir.
2026-cı ildə bu günə aid müəyyən edilmiş rəsmi şüar  "Bəşəriyyət naminə" kimi səslənir. Bundan əlavə, bir sıra regional kampaniyalarda "İnsanlıq tərəfində" (On the side of Humanity) və ya "Bəşəriyyəti yaşadaraq" (Keeping Humanity Alive) kimi köməkçi şüarlardan da istifadə olunur.
Bu şüarlar ümumilikdə öz icmalarına kömək edən, onların ayrılmaz hissəsi olan, böhran anlarında icmaların yanında kənar şəxs kimi deyil, onların bir parçası kimi dayanan  könüllülər və əməkdaşların əvəzsiz rolunu vurğulayır. Getdikcə mürəkkəbləşən və parçalanan dünyada onlar mərhəməti fəaliyyətə çevirərək, ən vacib anlarda ümid, ləyaqət və dəstək təqdim edirlər.
Bu gün, həmçinin, neytral, müstəqil və qərəzsiz dəstəyin harada olmalarından asılı olmayaraq, ehtiyacı olan hər kəsə çatmasını təmin edərək humanitar fəaliyyəti dəstəkləmək və qorumaq üçün bir çağırışdır. 2026-cı il mövzusunun əsas istiqamətləri bunlardır:
-Həmrəylik: Qlobal böhranlar, münaqişələr və təbii fəlakətlər qarşısında səylərin birləşdirilməsi çağırışı;
-Yerli icmaların dəstəklənməsi: Humanitar yardımın zərərçəkmişlərin yanında olan, onlarla eyni mühiti paylaşan insanlar tərəfindən göstərildikdə daha effektiv olmasının etirafı;
-İnsanpərvərliyin qorunması: Böhranın miqyasından və statistikadan asılı olmayaraq, hər bir fərdin ləyaqətinə və onlara qarşı şəfqət hissinə göstərilən xüsusi diqqət.
Beləliklə hamımızı “Bəşəriyyəti yaşatmaq naminə İnsanlığın tərəfində” olmamıza çagırıram və hamımızı bu gün münasibəti ilə təbrik edirəm!