“Bakı İstanbul” Liseyində maarifləndirici tədbir

Əsas səhifə / XƏBƏRLƏR / “Bakı İstanbul” Liseyində maarifləndirici tədbir

 2026-cı il mayın 14-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Bakı İstanbul” Liseyinin birgə təşəbbüsü ilə liseyin müəllim və şagird heyəti üçün maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi liseyin müəllim və tələbə heyətini Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, onun tarixi və  tərkib hissələri ilə taniş etmək və nəticədə liseyin kollektivinin Qızıl Aypara Cəmiyyətinə çağırış etmək olub.
Tədbirin açılış mərasimində geniş nitqlə çıxış edən AzQAC-ın vitse prezidenti Qafar Əsgərzadə ilk olaraq tədbir iştirakçılarını salamlamış və milli cəmiyyətin çoxşaxəli fəaliyyətindən bəhs etmişdir. Natiq öz çıxışında AzQAC-ın tarixi təşəkkül yolu, onun şanlı ənənələri və humanitar missiyanın əsas formalaşma mərhələləri barədə ətraflı məlumat vermişdir. O xüsusilə vurğulamışdır ki, AzQAC həm beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı daxilindəki, həm də xaricindəki tərəfdaş qurumların və dövlətin güclü dəstəyi sayəsində cəmiyyətdə özünəməxsus mühüm rol oynayır. Milli Cəmiyyət dövlətin humanitar sahədə əsas yardımçısı olaraq, öz ali missiyası və mandatına uyğun şəkildə ehtiyacı olan hər bir kəsə vaxtında və layiqincə lazımi köməkliyin göstərilməsini uğurla təmin edir. O, xüsusilə dövlət rəhbərliyinin Cəmiyyətə diqqət və qayğısından söz açıb, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının yüksək mükafatı olan “Florence Nightingale” medalı ilə təltif olunmuş azərbaycanlı 13 tibb bacısı və tibb qardaşı haqqında bəhs edib.
Növbəti çıxış edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Bakı Ofisinin rəhbəri cənab Aleksandr Mordovin iştirakçılara Beynəlxalq Federasiyanın hansı qurum olduğu və nə məqsədlə yarandığı haqqında geniş biliklər verib. O, qeyd edib ki, Hərəkat, onun tərkib hissələri 7 Fundamental Prinsip və ələxsus insansevərlik prinsipi əsasında fəaliyyət göstərir. Bu fəaliyyətdə onun çoxsaylı üzvləri və könüllüləri köməklik göstərir. Ona görə də bu tədbirin nəticəsində Bakı İsntanbul Liseyinin kollektiv şəkildə AzQAC-ın üzvü olmaq istəyi təqdirə layiqdır.
Tədbir zamanı iştirakçılara sadalanan bir sıra fəaliyyət istiqamətləri barədə (Mina Təhlukəsizliyi, İlk Yardım) cəmiyyətin aparıcı mütəxəssisləri- AzQAC-ın İcraçı Katibinin müavini/Mina proqramının koordinatoru Məmməd Katanov, AzQAC-ın İlk Yardım koordinatoru dr. Şahin Biləndərli tərəfindən maraqlı təqdimatlar olundu. Xüsusilə qeyd olundu ki, mina təhlükəsi və minalardan qorunma qaydaları barədə biliklərin olması və  təhlükəli ərazilərdə diqqətlə davranmaq çox vacibdir. Bundan irəli gələrək hər hansı bir hadisə baş verdikdə, xəsarət aldıqda, fövqəladə hallarda və münaqişələr zamanı və ya adı məişət şəraitində müvafiq bilik və bacarıqlara arxalanaraq düzgün İlk Yardım göstərmək çox önəmlidir.
Maarifləndirici söhbətlər zamanı həm müəllim, həm də şagirdlər onları maraqlandıran suallara dolğun və tutarlı cavablarla məlumatlandırıldılar. Liseyin direktoru Səmayə xanım Turabxanlı AzQAC-ın çoxşaxəli humanitar fəaliyyətini yüksək qiymətləndirərək, cəmiyyətin bütün kollektivinə, şərəfli və xeyirxah missiyalarında yeni-yeni uğurlar arzulamışdır.
Görüşün əhəmiyyətini və xatirəsini əbədiləşdirmək məqsədilə fotoşəkillər çəkilmişdir. İştirakçıların çıxışları və müzakirə prosesi fərdi qaydada lentə alındıqdan sonra, proqramın sonunda bütün qonaqların iştirakı ilə birgə xatirə fotosu çəkdirilmişdir.