Novruzəli Aslanov: “Prezident İlham Əliyev tərəfindən Milli Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin yüksək qiymətləndirilməsi Cümhuriyyət irsinə verilən dəyərin göstəricisidir”
Əsas səhifə / XƏBƏRLƏR / Novruzəli Aslanov: “Prezident İlham Əliyev tərəfindən Milli Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin yüksək qiymətləndirilməsi Cümhuriyyət irsinə verilən dəyərin göstəricisidir”
“Bu il Azərbaycan xalqı şanlı dövlətçilik tarixinin parlaq səhifələrindən
olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 108-ci ildönümünü
böyük fərəh hissi ilə qeyd edəcək. 1918-ci il may ayının 28-də yaradılmış
Cümhuriyyət Şərqin ilk demokratik respublikası olmaqla yanaşı, eyni zamanda da
bütün Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Sovet bolşevik
qoşunları tərəfindən ölkənin işğalına qədər, cəmi 23 ay mövcud olmasına
baxmayaraq, AXC ilk növbədə dövlət quruculuğu sahəsində mühüm qərarları ilə
yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın
ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul
etdi. 2 iyul 1918-ci il tarixində Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və
daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması
barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu.
1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul
edildi.
Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.
Eyni zamanda 1918-1920-ci illərdə həyata keçirilən uğurlu xarici siyasət Xalq
Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını şərtləndirmişdi. 1919-cu ilin
sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr
yaratmışdı.”
Bu sözləri aia.az-a 28 may – Müstəqillik Günü
münasibətilə öz fikirlərini paylaşan Milli Məclisin deputatı Novruzəli Aslanov
deyib.
Daha sonra millət vəkili Ümummilli Lider Heydər
Əliyevin Şərqdə ilk müsəlman demokratik dövlət quruluşunu yaratmış Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verdiyini qeyd edib: “Ulu Öndər
Heydər Əliyev Cümhuriyyətin qurucularının fədakar və misilsiz mübarizəsini çox
yüksək qiymətləndirirdi. Cümhuriyyət cəmi 23 ay fəaliyyətdən sonra süquta
uğrasa da, müstəqillik ideyası 70 illik sovet imperiyası dövründə millətimizin
qəlbində və şüurunda yaşamışdır. Respublikamız sovetlər imperiyasının tərkibində
olduğu dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının
müstəqil Azərbaycan dövləti ideyalarını həyata keçirmək istiqamətində çox böyük
işlər görmüşdür. Belə ki, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit
olunması, hərbi kadrların hazırlanması üçün hərbi məktəblərin yaradılması,
milli – mədəni dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi gələcək
müstəqil Azərbaycan dövlətinin bünövrəsi idi. Ümummilli Lider Heydər Əliyev
müasir Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu da dəfələrlə xüsusi
vurğulamış, bəyan etmişdir. Yeri gəlmişkən, bu gün ölkəmizə böyük uğurla fəaliyyət
göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də məhz Cümhuriyyət dövründə,
1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət Azərbaycan
Cümhuriyyətinin varislərindən sayılır. Cəmiyyətin yaradılmasının təşəbbüskarı
Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi
şəxsiyyət, general-leytenant Əliağa Şıxlinski olmuşdur. O zaman Azərbaycan Xalq
Cümhuriyyətinin Xarici İşlər Naziri olan Fətəli Xan Xoyski də Milli Qızıl
Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən biri olmuşdur. Bu
gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
fəxri üzvü cənab İlham Əliyev tərəfindən təşkilatımızın fəaliyyətinin yüksək
qiymətləndirilməsi də, Cəmiyyətin üzvlərinin müxtəlif vaxtlarda dövlət
mükafatları ilə təltif olunmaları da dövlət başçımızın Cümhuriyyət irsinə yüksək
dəyər verdiyinin daha bir göstəricisidir” – deyə, Novruzəli Aslanov fikirlərini
tamamlayıb.