2026-cı
il May ayının 26-da Azərbaycan Dövlət İqtisadi Universitetində (UNEC) Türk
Dövlətləri Təşkilatının Qırmızı Şəbəkəsi və Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin (AzQAC) Gənclər Şəbəkəsi çərçivəsində maarifləndirici görüş
keçirilib. Tədbirin iştirakçıları UNEC-in Biznes və Menecment fakültəsinin
tələbə və müəllim heyəti olub.
Tədbirin
keçirilməsində universitetin əsas hədəf tələbə və müəllim heyətinə aşağıdakı
platformalar barədə geniş məlumat çatdırmaq olub:
- Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara (QXQA)
Hərəkatının tarixi və prinsipləri
- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar
fəaliyyəti
- Türk Dövlətləri Təşkilatına üzv olan Milli
Cəmiyyətlərin Qırmızı Şəbəkəsi
- Qırmızı Şəbəkə nəzdində fəaliyyət göstərən
Gənclər Şəbəkəsinin layihələri
- İlk Yardımın təqdimatı və bir neçə mühüm
vərdişlərin təqdim olunması
Tədbirdə AzQAC-nin rəhbər
nümayəndə heyəti növbəti şəxslərdən ibarət olub:
- Səbinə Məhbubi-İran – AzQAC İcraçı Katibinin müavini
- Xalidə İsgəndərova – AzQAC İcraçı Katibinin müavini
- Mətanət
Məhərrəmova –
AzQAC Sumqayıt Regional Mərkəzinin Koordinatoru
- Sumqayıt
RM işçi və könüllü heyyəti
- Türk
Şəbəkəsinin rəhbərliyi və
üzvləri
Görüşü
giriş sözü ilə UNEC Biznes və Menecment fakültəsinin katibi, iqtisadiyyat üzrə
fəlsəfə doktoru Elxan Salayev açıb. E.Salayev
öz çıxışında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkəmizdəki çoxəsrlik
humanitar missiyasına xüsusi toxunub. O qeyd edib ki, AzQAC yarandığı gündən bəri
xalqımızın çətin anlarında hər zaman yanında olub, insanpərvərlik, xeyriyyəçilik
və fədakarlıq dəyərlərini layiqincə qoruyub saxlayıb. Fakültə katibi Türk Qırmızı şəbəkəsi kimi
qurumların tələbələrin sosial məsuliyyət hissinin artırılmasında və könüllülük
fəaliyyətində əvəzsiz rolunu vurğulayıb.
Görüşdə çıxış edən AzQAC-ın rəsmi nümayəndələri öz təqdimatlarında humanitar fəaliyyətin qlobal, regional və praktiki tərəflərinə toxunublar. Məruzəçilər ilk növbədə Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının 1863-cü ilə dayanan zəngin tarixindən və fəaliyyətin özəyini təşkil edən 7 fundamental prinsipdən (insanpərvərlik, qərəzsizlik, bitərəflik, müstəqillik, könüllü xidmət, vahidlik və ümumbəşərilik) bəhs ediblər. Bu xəttin davamı olaraq, 1920-ci ildə qurulan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkə daxilindəki humanitar missiyası, böhran anlarında əhaliyə göstərdiyi yardımlar və sosial layihələri geniş şəkildə tələbələrin diqqətinə çatdırılıb. Regional əməkdaşlığın önəmini vurğulayan natiqlər, Türk Dövlətləri Təşkilatına üzv olan Milli Cəmiyyətlərin Qırmızı Şəbəkəsinin qardaş ölkələr arasında humanitar həmrəyliyi gücləndirmək məqsədilə atdığı addımlardan danışıblar. Xüsusilə bu platformanın nəzdində fəaliyyət göstərən Gənclər Şəbəkəsinin beynəlxalq layihələri, tələbə mübadilələri və sosial təşəbbüsləri haqqında məlumat verilərək, UNEC gəncləri bu qlobal şəbəkəyə inteqrasiya olmağa dəvət edilib.
Təqdimatın digər maraqlı və praktiki hissəsi isə İlk Yardıma həsr olunub; aparıcılar AzQAC-ın İlk Yardım Koordinatoru Dr. Şahin Biləndərli və Sumgayıt RM İY üzrə məsul şəxsi Lalə Cəlilzadə bədbəxt hadisələr və qəfil xəsarətlər zamanı insan həyatını xilas edə biləcək mühüm ilkin tibbi vərdişləri (tənəffüsün bərpası, ÜĞR, qanaxmanın dayandırılması və sınıqlar zamanı aparılan addımlar) əyani şəkildə nümayiş etdirərək gənclərdə bu həyati vərdişlərin formalaşmasının vacibliyini qeyd ediblər.
Görüşün sonunda Elxan Salayev yenidən söz alaraq yekun nitqi söyləyib, qonaqlara faydalı məlumatlar üçün təşəkkür edib və universitetlə cəmiyyət arasındakı gələcək əməkdaşlığın önəmini qeyd edib.
Tədbir boyu və tədbirin sonunda qonaqlar, universitet rəhbərliyi və
tələbələr birlikdə xatirə şəkilləri çəkdilər.