2026-cı il mayın 28-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsində 28 May – Müstəqillik Günü və müqəddəs Qurban Bayramı münasibətilə humanitar aksiya keçirilib. Aksiya çərçivəsində əməkdaşlıq edilən “Azərsun Holdinq” tərəfindən ehtiyaclı ailələrə ərzaq yardımı göstərilib, “Günəş Yardım” klubu və adının açıqlanmasını istəməyən xeyriyyəçi tərəfindən isə qurban payları təqdim olunub.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova xalqımızı Müstəqillik Günü və Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, milli-mənəvi dəyərlərimizin, mərhəmət və həmrəylik ənənələrinin qorunub yaşadılmasının vacibliyini vurğulayıb. O, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin daim həssas kateqoriyadan olan ailələrin yanında olduğunu qeyd edərək, bu kimi xeyriyyə aksiyalarının insanlarda sevinc, ümid və birlik hissini gücləndirdiyini bildirib. Yardım alan ailələr isə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.