1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər il olduğu kimi, bu il də Sumqayıt şəhərində Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbdə bayram tədbiri təşkil olunub. Tədbiri açıq elan edən məktəbin direktoru Arzu Alızadə qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin uzun illərdir məktəbin şagirdlərini bu əlamətdar gün münasibətilə təbrik etməsinin artıq xoş bir ənənəyə çevrildiyini vurğulayıb. Daha sonra qonaqlar uşaqlara səmimi təbrik və xoş arzularını çatdırıblar.
Tədbir məktəblilərin hazırladığı rəngarəng musiqi proqramı ilə davam edib və iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Çıxış zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin koordinator Mətanət Məhərrəmova uşaqları təbrik edərək, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hər zaman onların yanında olduğunu və bu dəfə də onlara hədiyyələrlə gəldiklərini qeyd edib. Ardınca bölmənin könüllüləri tərəfindən məktəbin 100 şagirdinə bayram hədiyyələri təqdim olunub.
Tədbirin sonunda müəllimlər, şagirdlər və qonaqlar birlikdə sülh və ümid rəmzi olan göyərçinləri və şarları səmaya buraxıblar.
Tədbirdə Milli Məclisin deputatı Səbinə Salmanova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova və bölmənin könüllüləri iştirak ediblər.
Belə tədbirlər uşaqların rifahına və sosial müdafiəsinə diqqətin artırılması, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara mənəvi dəstəyin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.