AzQAC baş ofisində rəsmi görüş

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC baş ofisində rəsmi görüş

2026-cı il iyunun 3-də Çili Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov ilə Çili Respublikasının ölkəmizdəki Müvəqqəti işlər vəkili, Nümayəndəliyin rəhbəri Xuan Karlos Salazar arasında görüş keçirilmişdir.

Görüş zamanı Azərbaycan ilə Çili arasında mövcud dostluq münasibətləri, humanitar əməkdaşlığın inkişaf perspektivləri, eləcə də bu istiqamətdə Milli Cəmiyyətlərin rolu və töhfələri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Tərəflər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Çili Qızıl Xaç Cəmiyyəti arasında işgüzar əlaqələrin qurulmasının və institusional əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışlar. Xüsusilə, Çili Qızıl Xaç Cəmiyyətinin axtarış xidməti sahəsində qazandığı təcrübənin öyrənilməsi, bu istiqamətdə bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi, habelə humanitar fəaliyyətlər üzrə qarşılıqlı dəstək mexanizmlərinin formalaşdırılması məsələləri müzakirə olunmuşdur.

Görüşdə qeyd edilmişdir ki, iki Milli Cəmiyyət arasında birbaşa əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə, humanitar sahədə yeni təşəbbüslərin reallaşdırılmasına və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsipləri əsasında birgə fəaliyyət imkanlarının artırılmasına mühüm töhfə verə bilər.

Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov tərəfindən cənab Xuan Karlos Salazara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini və humanitar dəyərlərini əks etdirən xatirə hədiyyəsi təqdim edilmişdir.