2026-cı il iyunun 5–6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və İtaliya Qızıl Xaçının Qafqaz üzrə regional nümayəndəsi Simona Rescigno Füzuli rayonuna səfər ediblər.
Səfərin məqsədi İtaliya Qızıl Xaçı tərəfindən maliyyələşdirilən “İcma və məktəb əsaslı Fəlakət Risklərinin Azaldılması” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərlə yerində tanış olmaq, icma üzvləri ilə görüşlər keçirmək və layihənin icrası ilə bağlı fikir mübadiləsi aparmaq olub.
Səfər çərçivəsində icma üzvləri ilə görüş keçirilib, layihə çərçivəsində görülmüş işlər barədə məlumat təqdim olunub, sakinlərin rəy və təklifləri dinlənilib. Eyni zamanda, layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərə yerində baxış keçirilib.
Nümayəndələr Füzuli rayonunda layihənin icrasında tərəfdaş qismində iştirak edən yerli qurumlarla da görüşüblər. Görüşlər zamanı əməkdaşlığın genişləndirilməsi, icmaların fəlakət risklərinin azaldılması sahəsində maarifləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.