“Bakı İstanbul” Liseyində qadın sağlamlığına həsr olunmuş maarifləndirici tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / “Bakı İstanbul” Liseyində qadın sağlamlığına həsr olunmuş maarifləndirici tədbir keçirilib

2026-cı il iyunun 10-da “Bakı İstanbul” Liseyində “Sağlamlıq hamı üçün. Qadın sağlamlığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti , Azərbaycan Tibb Universiteti və “Bakı İstanbul” Liseyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi iştirakçıları qadın sağlamlığının qorunması sahəsində maarifləndirmək, mövzunun aktuallığını diqqətə çatdırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə vermək olub.

Tədbirin açılışında çıxış edən AzQAC-ın İcraçı katibinin müavini Səbinə Məhbubi-İran Ümumdünya Səhiyyə Təşkilatının “Sağlamlıq hamı üçün” şüarının yalnız bir çağırış deyil, insanların sağlamlığının qorunmasına xidmət edən əsas prinsiplərdən biri olduğunu bildirib. O, qadın sağlamlığının qorunmasında erkən diaqnostika, maarifləndirmə və psixoloji-sosial sağlamlığın mühüm rol oynadığını vurğulayıb. Səbinə Məhbubi-İran qeyd edib ki, qadınların mütəmadi tibbi müayinələrdən keçməsi, sağlamlıqları ilə bağlı məlumatlı olması və profilaktik tədbirlərə önəm verməsi sağlam cəmiyyətin formalaşmasına xidmət edir.

Daha sonra AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi, həkim Mətanət Qaraxanova “Sağlamlıq hamı üçün” mövzusunda təqdimatla çıxış edib. O, qeyri-yoluxucu xəstəliklər, xüsusilə xərçənglə mübarizə, elmi tədqiqatların əhəmiyyəti və sağlamlıq sahəsində dövlət və ictimai qurumlar arasında əməkdaşlığın vacibliyi barədə məlumat verib.

Tədbirdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının həkim-onkoloqu Təhminə Kosayeva “Süd vəzi xərçəngi: müasir profilaktika və müalicə üsulları” mövzusunda təqdimatla çıxış edib. O, süd vəzi xərçəngi ilə bağlı geniş yayılmış yanlış təsəvvürlərə aydınlıq gətirib, erkən diaqnostikanın əhəmiyyətindən danışıb. Həkim qeyd edib ki, mammoqrafiya, ultrasəs müayinəsi və MRT kimi skrininq üsulları xəstəliyin erkən mərhələdə aşkarlanmasına və uğurlu müalicə imkanlarının artırılmasına şərait yaradır. Təhminə Kosayeva qadınların özünümüayinə vərdişlərinə yiyələnməsinin də vacibliyini vurğulayıb, müxtəlif müalicə üsulları barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirin sonunda liseyin direktoru Səmayə Turabxanlı AzQAC-a, tədbirə qatılan mütəxəssislərə və təşkilatçılara təşəkkürünü bildirərək, bu cür maarifləndirici görüşlərin əhəmiyyətini qeyd edib.

Sonda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici vəsaitlər iştirakçılara paylanılıb və xatirə şəkli çəkdirilib.