2026-cı il iyunun 25-də Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan İlahiyyət
İnstitutunun təşkilatçılığı, Mərkəzi Qan Bankının, Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin və bir sıra digər aidiyyatı olan təşkilatların dəstəyi ilə keçirilən
qanvermə aksiyasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaxından iştirak edib.
Aksiyada Milli Cəmiyyətin rəhbər heyəti, əməkdaşları və könüllüləri iştirak
edərək qan vermişlər.
Qeyd edək ki, qanvermə aksiyalarının
keçirilməsi cəmiyyətin illərdir davam edən ənənəvi fəaliyyətlərindən biridir.
Tarixə nəzər salsaq, AzQAC tərəfindən ilk qanköçürmə (qan) kabineti 1931-ci
ildə Semaşko adına xəstəxanada (hazırkı Klinik Tibbi Mərkəz) yaradılmışdır. Hazırda
cəmiyyət tərəfindən Mərkəzi Qan Bankı və Talassemiya Assosiasiyası ilə illər
öncə qurulmuş sıx əməkdaşlıq münasibətləri uğurla davam etdirilir.
Humanitar xarakter daşıyan bu aksiya irsi qan xəstəliklərindən,
xüsusilə də hemofiliya, talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq, cərahiyyə
əməliyyatlarında qan və onun komponentlərindən istifadə etmək, ölkənin qan
ehtiyyatlarının genişlənməsinə tövhə vermək, cəmiyyətdə könüllü donorluq mədəniyyətini
və mərhəmət, şəfqət hisslərini daha da gücləndirmək məqsədilə təşkil edilib.
Aksiya çərçivəsində Mərkəzi Qan Bankının xüsusi
tibb briqadası tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti öncədən
yoxlanılıb, onların qan təzyiqi və hemoqlobin göstəriciləri müayinə edildikdən
sonra qanvermə prosesinə icazə verilib.
Azərbaycan İlahiyyət İnstitutunun rəhbərliyi,
professor-müəllim heyəti və tələbələri aksiyada yüksək fəallıq nümayiş etdiriblər.
İnstitut nümayəndələri qan verməyin həm tibbi, həm də mənəvi baxımdan nəcib bir
addım olduğunu və bu cür xeyriyyə tədbirlərinin mütəmadi xarakter daşıyacağını
bildiriblər.
Aksiyada qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə
də müxtəlif dövlət qurumlarını təmsil edən könüllülər və ictimaiyyət nümayəndələri
iştirak edirlər. İştirakçılar Aşura günü keçirilən qanvermə aksiyasının dini-mənəvi
dəyərlərin humanizm və sosial həmrəylik prinsipləri ilə vəhdətini nümayiş
etdirməklə yanaşı, cəmiyyətdə könüllülük ənənələrinin, eləcə də sosial məsuliyyət
hissinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları
tərəfindən qanvermə prosesinin bütün mərhələləri tibbi norma və qaydalara uyğun
şəkildə həyata keçirilir. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılır,
müvafiq tibbi müayinələr aparılır.
Qeyd edək ki,
aksiya zamanı toplanan qan hemofiliya, talassemiya və digər xəstəliklərdən
əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu aksiyada əməyi
olan bütün təşkilatlara təşəkkürünü bildirir və bu cür tədbirlərin təşkilinə hər
zaman dəstək olmağa hazır olduğunu bəyan edir.
Tədbirdə AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə,
İcraçı Katibin Müavinləri Şaban Şayev, Xalidə İsgəndərova, Məmməd Kətanov, Səbinə
Məhbubi-İran və digər şəxslər iştirak ediblər.