2026-cı il iyunun 25-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan İlahiyyət İnstitutunun təşkilatçılığı, Mərkəzi Qan Bankının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və bir sıra digər aidiyyatı olan təşkilatların dəstəyi ilə keçirilən qanvermə aksiyasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaxından iştirak edib. Aksiyada Milli Cəmiyyətin rəhbər heyəti, əməkdaşları və könüllüləri iştirak edərək qan vermişlər.
Qeyd edək ki, qanvermə aksiyalarının keçirilməsi cəmiyyətin illərdir davam edən ənənəvi fəaliyyətlərindən biridir. Tarixə nəzər salsaq, AzQAC tərəfindən ilk qanköçürmə (qan) kabineti 1931-ci ildə Semaşko adına xəstəxanada (hazırkı Klinik Tibbi Mərkəz) yaradılmışdır. Hazırda cəmiyyət tərəfindən Mərkəzi Qan Bankı və Talassemiya Assosiasiyası ilə illər öncə qurulmuş sıx əməkdaşlıq münasibətləri uğurla davam etdirilir.
Humanitar xarakter daşıyan bu aksiya irsi qan xəstəliklərindən, xüsusilə də hemofiliya, talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq, cərahiyyə əməliyyatlarında qan və onun komponentlərindən istifadə etmək, ölkənin qan ehtiyyatlarının genişlənməsinə tövhə vermək, cəmiyyətdə könüllü donorluq mədəniyyətini və mərhəmət, şəfqət hisslərini daha da gücləndirmək məqsədilə təşkil edilib.
Aksiya çərçivəsində Mərkəzi Qan Bankının xüsusi tibb briqadası tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti öncədən yoxlanılıb, onların qan təzyiqi və hemoqlobin göstəriciləri müayinə edildikdən sonra qanvermə prosesinə icazə verilib.
Azərbaycan İlahiyyət İnstitutunun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri aksiyada yüksək fəallıq nümayiş etdiriblər. İnstitut nümayəndələri qan verməyin həm tibbi, həm də mənəvi baxımdan nəcib bir addım olduğunu və bu cür xeyriyyə tədbirlərinin mütəmadi xarakter daşıyacağını bildiriblər.
Aksiyada qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də müxtəlif dövlət qurumlarını təmsil edən könüllülər və ictimaiyyət nümayəndələri iştirak edirlər. İştirakçılar Aşura günü keçirilən qanvermə aksiyasının dini-mənəvi dəyərlərin humanizm və sosial həmrəylik prinsipləri ilə vəhdətini nümayiş etdirməklə yanaşı, cəmiyyətdə könüllülük ənənələrinin, eləcə də sosial məsuliyyət hissinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən qanvermə prosesinin bütün mərhələləri tibbi norma və qaydalara uyğun şəkildə həyata keçirilir. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılır, müvafiq tibbi müayinələr aparılır.
Qeyd edək ki, aksiya zamanı toplanan qan hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu aksiyada əməyi olan bütün təşkilatlara təşəkkürünü bildirir və bu cür tədbirlərin təşkilinə hər zaman dəstək olmağa hazır olduğunu bəyan edir.
Tədbirdə AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, İcraçı Katibin Müavinləri Şaban Şayev, Xalidə İsgəndərova, Məmməd Kətanov, Səbinə Məhbubi-İran və digər şəxslər iştirak ediblər.