Solferino 2026 Tədbiri

Əsas səhifə / XƏBƏRLƏR / Solferino 2026 Tədbiri

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları 25-28 iyun 2026-cı il tarixlərində İtaliyanın Solferino şəhərində keçirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının müxtəlif ölkələrdən olan nümayəndələrini bir araya gətirən ‘’Solferino 2026 Strateji Liderlik Dialoqunda’’ iştirak edib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Təchizat şöbəsinin rəhbəri Vəfa Əliyeva və Planlama, Monitorinq, Qiymətləndirmə və Hesabat üzrə əməkdaşı Şöhrət Nağıyeva təmsil ediblər.

‘’Solferino 2026’’ tədbiri humanitar fəaliyyətlərin gələcəyi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının qlobal çağırışlara cavabı, Fundamental Prinsiplərin müasir humanitar mühitdə rolu və Milli Cəmiyyətlər arasında əməkdaşlığın gücləndirilməsi mövzularına həsr olunub. Tədbir çərçivəsində uzanan münaqişələr, iqlim dəyişikliyinin təsirləri, miqrasiya prosesləri, səhiyyə sahəsində yaranan yeni çağırışlar, iqtisadi qeyri-sabitlik və artan humanitar ehtiyaclar fonunda Hərəkatın gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.

Proqram çərçivəsində keçirilən yüksək səviyyəli plenar sessiyalarda humanitar fəaliyyətə çıxışın qorunması, humanitar diplomatiyanın gücləndirilməsi, Fundamental Prinsiplərin tətbiqi və böhranlardan zərər çəkmiş insanlara daha effektiv yardım göstərilməsi istiqamətində kollektiv fəaliyyətin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, könüllülərin humanitar fəaliyyətlərdə rolu, fövqəladə hallara hazırlıq və cavabvermə tədbirləri, sağlamlığın təşviqi, miqrasiya, innovasiya və rəqəmsallaşma, gənclərin liderlikdə iştirakı kimi mövzularda tematik sessiyalar təşkil olunub.

Tədbir iştirakçıları həmçinin Qlobal Sülh Düşüncə Mərkəzi (Global Think Tank on Peace) çərçivəsində humanitar fəaliyyətin sülhün təşviqinə töhfəsi barədə fikir mübadiləsi aparmış, Solferino və Kastilyone delle Stiviyere şəhərlərində yerləşən Hərəkatın tarixi məkanlarını ziyarət ediblər. Tədbirin ən əlamətdar hissələrindən biri olan və Qızıl Xaç ideyasının yaranmasını simvolizə edən ənənəvi Fiaccolata məşəl yürüşündə iştirak edərək humanizm, həmrəylik və könüllülük dəyərlərinə sadiqliklərini bir daha nümayiş etdiriblər.

Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinə digər Milli Cəmiyyətlərlə təcrübə mübadiləsi aparmaq, beynəlxalq tərəfdaşlarla əlaqələrini möhkəmləndirmək və qlobal humanitar gündəlikdə müzakirə olunan prioritet istiqamətlər üzrə bilik və təcrübəsini daha da zənginləşdirmək imkanı yaradıb.