Azərbaycan Qızıl Aypara Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Gənc Qırmızı Şəbəkəsinin" üzvləri üçün Yay Məktəbinə start verdi

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Gənc Qırmızı Şəbəkəsinin" üzvləri üçün Yay Məktəbinə start verdi

2026-cı il 29-30 iyun tarixlərində keçirilən Məktəbin əsas proqramı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı (tarixi, tərkib hissələri, Fundamnetal Prinsipləri, fəaliyyət növləri) və İlk Yardım (Qaydalar, müxtəlif şəraitdə göstərilən kömək, Kritik hallar, ÜAR, Qanaxmalar, Sınıqlar və s.) mövzularında təlimlərdən ibarətdir. Təlimlər nəzəriyyə ilə yanaşı, xüsusilə İlk Yardım sahəsində praktiki məşğələləri də əhatə edir. Bu, gənclərin fövqəladə hallarda düzgün və çevik reaksiya vermə bacarıqlarını gücləndirmək üçün nəzərdə tutulub.

Təlimlər 29 iyun – 9 iyul tarixlərini əhatə edir. "Gənc Qırmızı Şəbəkənin" üzvləri qruplara bölünüb. Hər qrup üçün proqram 2 gün davam edəcək. 

Layihənin ilk mərhələsi uğurla başa çatıb. Belə ki, 15 nəfərdən ibarət ilk qrup təlimlərdə iştirak edərək sertifikat əldə edib.

Təlimin ilk günündə gənclərə müraciət edən AzQAC İcraçı Katibinin müavini Xalidə İsgəndərova qeyd edib ki, Yay Məktəbi şəbəkənin üzvləri üçün yaradılıb və məqsədi təkcə iştirakçılara məlumat vermək deyil, həm də onlar arasında dostluq münasibətlərini möhkəmləndirmək, komanda ruhunu və birlik hissini formalaşdırmaqdır.

Daha sonra çıxış edən AzQAC İcraçı Katibin müavini Səbinə Məhbubi-İran Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında təqdimat edərək vurğulamışdır ki, iştirakçılar sadəcə təlim iştirakçıları deyil, 160 ildən artıq tarixə malik, irq, din və siyasi mənsubiyyətindən asılı olmayaraq insanlara yardım göstərən dünyanın ən böyük humanitar hərəkatının üzvləridir. O bildirib ki, iştirakçılar Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərini yaşatmaq və gələcəkdə insanların həyatını xilas etməyə kömək edə biləcək bilik və bacarıqları əldə etmək məqsədilə bu təlimdə iştirak edirlər.

AzQAC-ın İlk Yardım Koordinatoru Dr. Şahin Biləndərli isə ilk yardım üzrə bilikləri təqdim edərək qeyd edib ki, peşəkar tibbi yardım gələnədək ilk müdaxiləni məhz hadisə yerində olan şəxslər göstərə bilər və bəzən cəmi bir dəqiqə ərzində atılan düzgün addım insan həyatını xilas edə bilər. O əlavə etmişdir ki, bu səbəbdən təlim zamanı nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərə xüsusi üstünlük veriləcək və iştirakçılar səhv etməkdən çəkinməməlidirlər, çünki təlim zamanı edilən səhvlər real həyatda düzgün qərar verməyə kömək edir.