İsa Qaraşov – 80!

Əsas səhifə / XƏBƏRLƏR / İsa Qaraşov – 80!

2026-cı il iyulun 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının üzvü, görkəmli ictimai xadim, uzunillik fəaliyyətə malik İsa Qaraşovun 80 illik yubileyi münasibətilə Greenpark Hoteldə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov İsa Qaraşovun Cəmiyyətin inkişafına verdiyi töhfələrdən, uzun illər Azərbaycan dövlətçiliyində fəallığından, yüksək insani və mənəvi keyfiyyətlərindən, peşəkarlığından, xeyirhaqlıqdan bəhs edərək yubilyarı səmimi təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb.

Daha sonra çıxış edən professor Rafiq Əliyev, Rövşən Ağayev, Budaq Ağamirzəyev və digərləri İsa Qaraşovla tanışlıqlarından, onun Respublikanın ictimai həyatındakı rolundan söz açaraq, onun zəngin həyat yolu, səmimiyyəti, prinsipiallığı və insanlara göstərdiyi qayğı barədə xatirələrini və fikirlərini iştirakçılarla bölüşüb. Tədbirdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidentləri Qafar Əsgərzadə, Rövşən Əliyev, Əziz Qocayev, İcraçı katib Ceyhun Mirzəyev, İcraçı katibin müavini Şaban Şayev, AzQAC prezidentinin ofisinin rəhbəri Seymur Hümbətov, AzQAC Sumqayıt RM-nin koordinatoru Mətanət Məhərrəmova, AzQAC Bakı RM-nin koordinatoru Rəna İbrahimova, ''Yeni Təfəkkür'' qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova yubilyarı təbrik edərək, xoş arzularını ifadə edib.

Sonda, İsa Qaraşov onun üçün təşkil olunmuş yubiley tədbirinə görə AzQAC prezidenti Novruz Aslanova, və bütün iştirakçılara minnətdarlığını bildirib.

Yubilyarın həyat və fəaliyyət yolunu əks etdirən videoçarx nümayiş olunub. Sonda xatirə şəkli çəkdirilib.