İstidən qorunun, sağlam qalın: Şüvəlan qəsəbəsində maarifləndirmə kampaniyası keçirildi

Əsas səhifə / XƏBƏRLƏR / İstidən qorunun, sağlam qalın: Şüvəlan qəsəbəsində maarifləndirmə kampaniyası keçirildi

Son günlər ölkəmizdə müşahidə olunan yüksək hava temperaturu fonunda Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) əhalinin istidən qorunması istiqamətində növbəti maarifləndirmə kampaniyasını həyata keçirib. Kampaniya Şüvəlan qəsəbəsinin mərkəzində və insan kütləsinin toplandığı yerlərdə təşkil olunub.

"İstidən qorunun, sağlam qalın" devizi altında keçirilən tədbirin əsas məqsədi yay aylarında yüksək temperaturun səbəb ola biləcəyi sağlamlıq problemləri barədə əhalini məlumatlandırmaq, istivurma və susuzlaşma kimi hallardan qorunma yolları haqqında praktiki tövsiyələr çatdırmaqdır.

Kampaniyaların uğurla təşkil olunmasında Şüvəlan Bələdiyyəsinin və yerli icra nümayəndəliyinin göstərdiyi dəstək xüsusi qeyd olunmalıdır — onların əməkdaşlığı sayəsində kampaniya ərazidə rahat və səmərəli şəkildə keçirilib.

Tədbirdə AQAC-ın Baş Qərargahı, Bakı Regional Mərkəzi və ona daxil olan yerli bölmələrin 14 nəfər əməkdaşı və 35 nəfər könüllüsü fəallıqla iştirak edib. Komanda əvvəlcədən qısa təlimatlandırmadan keçərək ərazidə qruplara bölünüb və Şüvəlanın müxtəlif nöqtələrində fəaliyyətə başlayıb.

Kampaniya çərçivəsində aşağıdakı fəaliyyətlər həyata keçirilib:
-Bukletlərin paylanması — istidən qorunma qaydalarını əks etdirən məlumatlandırıcı bukletlər sakinlərə paylanıb;
-İçməli su paylanması — qapalı yerlərdə, küçədə olan, xüsusilə açıq havada uzun müddət qalan insanlara sərinləşdirici su təqdim edilib;
-Şifahi maarifləndirmə — könüllülər və əməkdaşlar sakinlərlə birbaşa ünsiyyətə keçərək istivurmanın əlamətləri, kifayət qədər maye qəbulunun vacibliyi, gün ərzində açıq günəş altında olmaqdan çəkinmə və digər qoruyucu tədbirlər barədə izahat veriblər;
-Taksi sürücüləri ilə iş — uzun saatlar ərzində maşında qalan və isti hava şəraitinə daha çox məruz qalan taksi sürücülərinə xüsusi diqqət yetirilib, onlara həm su, həm də məlumatlandırıcı materiallar təqdim edilib.

Kampaniya nəticəsində Şüvəlan ərazisində yüzlərlə sakin, əməkdaş və taksi sürücüsü istidən qorunma qaydaları ilə tanış olub. Qeyd etmək lazımdır ki, yerli hakimiyyət orqanlarının bu təşəbbüsə fəal qoşulması bir daha göstərir ki, əhalinin sağlamlığının qorunması ortaq məsuliyyətdir və yalnız birgə səylərlə effektiv nəticələr əldə etmək mümkündür.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti əhalini yüksək temperatur şəraitində diqqətli olmağa, kifayət qədər su içməyə, gün ərzində saat 12:00-dan 17:00-dək açıq günəş altında olmaqdan mümkün qədər çəkinməyə və xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan insanlara qayğı göstərməyə çağırır.
AzQAC bildirir ki, bu cür maarifləndirmə tədbirləri yay mövsümü boyunca ölkənin digər rayon və qəsəbələrində də davam etdiriləcək.