2026-cı il iyulun 9-da AzQAC-ın Baş ofisində Miqrasiya şöbəsinin təşkil etdiyi təmənnasız Azərbaycan dili kursunu bitirən miqrant müdavimlərin 13-cü buraxılışı münasibətilə tədbir və sertifikatların təqdimat mərasimi keçirilib.
AzQAC miqrantların cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə 2013-cü il oktyabrın 2-dən etibarən Cəmiyyətin prezidenti Novruz Aslanovun təşəbbüsü ilə ölkədə ilk dəfə təmənnasız Azərbaycan dili kursları təşkil edilib. Artıq 13-cü tədris ili uğurla başa çatıb.
Tədbiri Azərbaycan dili müəllimi Sona Hacıyeva açaraq AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun salamlarını və xoş arzularını iştirakçılara çatdırdı. AzQAC-ın Miqrasiya şöbəsinin müdiri, İcraçı Katibin müavini Məmməd Kətanov çıxışında miqrantların ölkəmizdə diqqət və qayğı ilə əhatə olunduğunu, kursların onların cəmiyyətə inteqrasiyasına mühüm töhfə verəcəyini vurğulayıb.
İlk Yardım koordinatoru Şahin Biləndərli və İnsan Resursları şöbəsinin müdiri Xalid Xəlilov da çıxış edərək Azərbaycan dili kurslarının miqrantların cəmiyyətə uyğunlaşmasında xüsusi əhəmiyyət daşıdığını qeyd etdilər və müdavimləri kursu uğurla başa vurmaları münasibətilə təbrik etdilər.
Daha sonra kursu müvəffəqiyyətlə bitirən 17 müdavimə sertifikatlar təqdim olundu.
Sonda valideynlər AzQAC rəhbərliyinə, göstərilən dəstəyə görə təşəkkürlərini bildirdilər. Onlar çıxışlarında neçə müddətdir onların əziyyətini keçən Azərbaycan dili müəllimi Sona Hacıyevanın əməyini xüsusi qeyd etdilər. Tədbir kollektiv xatirə şəkli və çay süfrəsi ilə başa çatdı. Kursu bitirən hər bir müdavimə müəllim tərəfindən ərzaq bağlaması da hədiyyə olunub.