Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) yay mövsümü ilə əlaqədar əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə növbəti tədbirini reallaşdırıb.
Havaların kəskin istiləşməsi fonunda yarana biləcək sağlamlıq risklərinin qarşısını almaq üçün cəmiyyət tərəfindən "İstidən qorunun: sağlam qalın" şüarı altında genişmiqyaslı kampaniya davam etdirilir. Ölkənin bir sıra regionlarında uğurla icra olunan bu təşəbbüs çərçivəsində növbəti aksiya 10 iyul 2026-cı il tarixində Sumqayıt şəhərində təşkil olunub.
Kampaniyanın aparıcı məqsədi əhali arasında günvurma, bədənin susuzlaşması (dehidratasiya) və yüksək temperaturun səbəb olduğu digər kəskin sağlamlıq problemləri barədə məlumatlılıq səviyyəsini artırmaqdır. Təşkilatçılar aksiyanın gedişatında xüsusi diqqəti istiyə qarşı daha həssas olan qruplara — uşaqlara, yaşlı insanlara və açıq havada çalışan vətəndaşlara yönəldiblər.
Sumqayıt şəhərinin mərkəzi məkanlarından və əhalinin sıxlıq təşkil etdiyi Nizami Mərkəzinin ərazisində baş tutan aksiya zamanı AzQAC-ın Baş Qəraragahı, Sumgayıt Regional Mərkəzi və Şəhər bölməsinin əməkdaşları və könüllüləri (ümumi sayda 50 nəfər) sakinlərə çağırışlar ediblər. Vətəndaşlara uzun müddət birbaşa günəş şüaları altında qalmamaq, kölgəlik və sərin yerlərə üstünlük vermək, həmçinin gün ərzində kifayət qədər maye qəbul etmək barədə mühüm tövsiyələr verilib.
Aksiyanın praktiki nəticələri olaraq parkda:
• Sakinlərə 800 ədəd içməli su paylanılıb.
• Maarifləndirici məlumatları özündə əks etdirən 800 ədəd buklet paylanılıb.
Tədbirlər zamanı paylanılan sular və maarifləndirici materiallar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (İFRC), həmçinin İtaliya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə təmin edilmişdir.
Eyni zamanda ərazidə xüsusi çadır qurulub və orada yüksək temperaturun fəsadları zamanı tətbiq ediləcək İlk Yardım qaydaları səsləndirilib və əyani şəkildə nümayiş olunub.
Tədbirin yüksək səviyyədə təşkil olunmasına yerli icra hakimiyyəti və icra nümayəndəliyi orqanları da yaxından dəstək göstərib. Aksiyaya qoşulan rəsmi qurumların nümayəndələri bu növ humanitar təşəbbüslərin tam vaxtında keçirildiyini və isti hava şəraitində əhalinin maarifləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
AzQAC analoji maarifləndirmə aksiyalarını yay mövsümü boyu digər şəhər və rayonlarda da davam etdirməyi planlaşdırır.
Tədbir media nümayəndələri tərəfindən geniş işıqlandırılıb, həmçinin aksiya gedişatından çoxsaylı foto və video materiallar hazırlanıb.