2026-cı il iyulun
14-də “Libraff” kitab mağazasında Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və Qayğı Şöbəsinin “Sağlam
yaşlanma” təşəbbüsü çərçivəsində “Nəsillərarası Dialoq: Stereotiplərin Aradan
Qaldırılması və Effektiv Kommunikasiya Modellərinin Qurulması” mövzusunda tədbir
keçirilib. Tədbirin təşkilində AzQAC-ın Sumqayıt və Xocavənd şəhər bölmələrinin
əməkdaşları və könüllüləri iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və “Güvən” Dayə Xidmətinin texniki dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Tibb Universitetinin, 2 saylı Bakı Baza Tibb Kollecinin, Azərbaycan Universitetinin və “Qadın İnkişaf Mərkəzi” İctimai Birliyinin nümayəndələri, eləcə də gənclər və ahıllar iştirak ediblər.
Tədbirin məqsədi müxtəlif nəsillər arasında mövcud stereotiplərin aradan qaldırılması, qarşılıqlı anlaşmanın və effektiv ünsiyyətin təşviqi olub.
Açılış nitqi ilə çıxış edən AzQAC-ın İcraçı katibinin müavini, Sağlamlıq və Qayğı Şöbəsinin müdiri Səbinə Məhbubi-İran Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının “Sağlam yaşlanma” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlər və bu istiqamətdə AzQAC-ın təşəbbüsləri barədə məlumat verib. Daha sonra “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova stereotiplərin yaranma səbəbləri və onların cəmiyyətə təsiri haqqında təqdimatla çıxış edib.
Praktiki hissədə iştirakçılar qruplara bölünərək “Bizi nə birləşdirir?” və “Biz hansı stereotiplərlə üzləşirik?” mövzularını müzakirə edib, fərqli nəsillərin ortaq dəyərləri və qarşılıqlı münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.
Səmimi və interaktiv mühitdə keçən tədbirin sonunda nəsillərarası dialoqun gücləndirilməsi, stereotiplərin aradan qaldırılması və sosial həmrəyliyin möhkəmləndirilməsi üçün bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyi vurğulanıb.