2026-cı il iyulun 24-də ən isti dövründə əhalinin sağlamlığını qorumaq məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Zəngilan şəhərində və Cəbrayıl rayonunun Şükürbəyli kəndində "İstidən qorunun-sağlam qalın" maarifləndirmə kampaniyasını təşkil edib. Tədbirdə AzQAC-ın rəhbərliyi məsul işçiləri ilə yanaşı könüllülər işdirak edib. Cəbrayıl rayon bölməsinin sədr və könüllüləri fəallıqla iştirak edib.
Yüksək temperaturun səbəb ola biləcəyi sağlamlıq risklərinin — istivurma, dehidratasiya və digər isti hava ilə bağlı vəziyyətlərin — qarşısını almaq məqsədilə təşkil olunan kampaniya çərçivəsində Zəngilan şəhərinin və Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinləri həm praktiki yardımla, həm də zəruri məlumatlarla təmin olunub.
Kampaniya çərçivəsində aşağıdakı tədbirlər görülüb:
1. 1080 məlumat bukleti paylanılıb — bukletlərdə isti hava şəraitində düzgün davranış qaydaları, istivurmanın əlamətləri və ilk tədbirlər barədə məlumat yer alıb.
2. 1080 ədəd su əhaliyə paylanılıb.
3. Birbaşa günəş şüalarından qorunma məqsədilə iştirakçılara 500 ədəd yay papaqları təqdim edilib.
4. Qızıl Aypara könüllüləri tərəfindən əhaliyə isti havada düzgün davranış qaydaları şifahi şəkildə izah edilib — kölgəli yerlərdə qalmaq, gün ərzində maye qəbulunu artırmaq, günün ən isti saatlarında açıq havada fiziki fəallıqdan çəkinmək kimi tövsiyələr paylaşılıb.
Təgdim olunan ləvazimatlar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, İtaliya Qızıl Xaç Cəmiyyəti, ''Damla'' MMC Su şirkəti və Bolmart marketlər şəbəkəsinin dəstəyi ilə təmin edilərək əhaliyə çatdırılıb.
Kampaniya Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib ki, bu da tədbirin əhatə
dairəsinin genişlənməsinə və məlumatın daha geniş kütləyə çatdırılmasına imkan
yaradıb.
İsti hava dövründə keçirilən bu cür preventiv tədbirlər Qızıl Aypara Cəmiyyətinin icmaların gündəlik həyatında iştirakının vacib nümunələrindən biridir. Sadə, lakin təsirli addımlar — məlumatlandırma, su və günəşdən qorunma vasitələrinin təmin edilməsi — vətəndaşların sağlamlığının qorunmasında mühüm rol oynayır.
Azərbaycan Qızıl
Aypara Cəmiyyəti bu kimi maarifləndirmə və dəstək kampaniyalarını ölkənin paytaxtı
Bakıda və digər regionlarında (Sumqayıt, Abşeron, Siyəzən, Qobustan, Şamaxı, Mingəçevir, Bərdə, Tərtər,
Ağdam, Gəncə, Lənkəran,
Cəlilabad, Astara) həyata keçirərək onların davamını təmin edir.