28 iyul 2026-cı ildə SOCAR və Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin (AzQAC) birgə təşkilatçılığı ilə "Qarşılıqlı fəaliyyət
enerjisi: korporativ və humanitar könüllülüyün mübadiləsi" mövzusunda tədbir
keçirilib. “SOCAR Tower”də təşkil olunan tədbirdə hər iki qurumdan nümayəndələr,
eləcə də könüllülər iştirak ediblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından tədbiri cəmiyyətin
vitse-prezidenti Qafar Əsgərzadə açaraq iştirakçıları səmimi
salamlamışdır. O, bu cür tədbirlərin könüllülərin bilik və bacarıqlarının
artırılması, əməkdaşlığın gücləndirilməsi və humanitar dəyərlərin təşviqi
baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamış, tədbirdə iştirak edən bütün
könüllülərə və əməkdaşlara uğurlar arzulayaraq onlara gələcək fəaliyyətlərində
müvəffəqiyyətlər diləmişdir.
Korporativ və humanitar sektorların könüllülük təcrübəsini
bir araya gətirmək, iki qurum arasında əməkdaşlığı gücləndirmək və könüllülük mədəniyyətinin
inkişafına dəstək vermək məqsədi daşıyan tədbir çərçivəsində əvvəlcə SOCAR-ın və
Cəmiyyətin nümayəndələri tərəfindən korporativ və humanitar könüllülük təcrübələrinə,
hər iki qurumun fəaliyyət istiqamətlərinə və gələcək əməkdaşlıq imkanlarına
dair təqdimatlar edilib.
Sonra tədbir iştirakçılarına İnteraktiv Ürək Ağciyər
Reanimasiyası barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində, həmçinin 35 könüllünün iştirakı ilə humanitar
yardım, ekologiya, ətraf mühit, könüllülük və ilkin yardım mövzularını əhatə edən
interaktiv oyun təşkil olunub.
Korporativ sektorun humanitar təşəbbüslərə dəstəyinin ifadəsi olan tədbir
iki fərqli sahədən olan könüllülərin təcrübə mübadiləsinin aparılması
baxımından mühüm əhəmiyyət kəsb edib. Bu cür birgə tədbirlər həm SOCAR-ın
korporativ sosial məsuliyyət sahəsindəki fəaliyyətinin daha da genişləndirilməsinə,
həm də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülük hərəkatının inkişafına
mühüm töhfə verir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti SOCAR ilə bu
istiqamətdə əməkdaşlığın davam etdirilməsini və gələcəkdə oxşar birgə təşəbbüslərin
təşkil olunmasını planlaşdırır.
Tədbirin sonunda hədiyyələr paylanılıb. Hədiyyələrin
hazırlamasında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasına öz təşəkkürümüzü bildiririk.