Tibbi-humanitar aksiya keçirildi

Əsas səhifə / XƏBƏRLƏR / Tibbi-humanitar aksiya keçirildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin fəaliyyətləri çərçivəsində könüllü sağlamlıq işçiləri tərəfindən davamlı tibbi-humanitar aksiyalar həyata keçirilir. 2026-cı il avqustun 8-də AzQAC ilə birgə Əlil Qadınlar Cəmiyyəti (ƏQC) tərəfindən təşkil olunan  Qazax rayonunda yerləşən Günərzi Uşaq Mərkəzində  əlilliyi olan uşaq və valideynlərə növbəti tibbi-humanitar aksiya keçirilmişdir.

Tədbirin birinci hissəsində  Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova ƏQC tərəfindən Əlilliyi olan uşaqlara Sosial Reabilitasiya Mərkəzlərinin yaradılması, onların cəmiyyətə inteqirasiyasına dəstək olunması,  aztəminatlı ailələrin uşaqlarına dair sosial xidmətlərin göstərilməsi üçün  Günərzi Qayğı Mərkəzlərin yaradılması barədə məlumatlarla çıxış edib, AzQAC-n göstərdiyi dəstəyə görə təşəkkür bildirmişdir. AzQAC “İcmaya əsaslanan sağlamlıq’’ proqramının mütəxəssisi M.Qaraxanova tibbi-humanitar aksiyanın  məqsədini açıqlayaraq, əlilliyi olan uşaq və valideynlərin sağlamlığın qorunmasında tibb işçilərin rolunu xüsusi qeyd etmişdir. Tədbirdə AzQAC-ın Qazax rayon Bölməsinin sədri və könüllüləri iştirak etmişlər.

Tədbirin ikinci hissəsində AzQAC-n 9 könüllü sağlamlıq işçiləri  tərəfindən 74 nəfər əlilliyi olan uşaqların, onların bacı qardaşlarının və valideynlərinin müayinəsi həyata keçirilmişdir. Valideynlərlə söhbətlər aparılmış, tövsiyyələr verilmişdir. Eyni zamanda valideynlərlə ÜST Sağlamlıq sorğusu PHQ-9 aparılmışdır. Hər bir ailəyə “Huggees” və “Friso” şirkətlərinin uşaq və qadınlar üçün gigiyenik məhsullar hədiyyələri təqdim olunmuşdur.