2026-cı il
avqustun 27-də Xankəndidə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən “Mina təhlükəsizliyi”
və “İstidən qorunun — sağlam qalın” mövzularında maarifləndirici tədbirləri
keçirilib.
Tədbirlərin əsas
məqsədi minalar və müharibənin partlayıcı qalıqları ilə bağlı riskləri əhaliyə
çatdırmaq, təhlükəsiz davranış qaydalarını təşviq etmək və təsirə məruz qalmış ərazilərdə
bədbəxt hadisələrin baş vermə ehtimalını azaltmaq üçün icmaların biliklərini
gücləndirməkdir. Eyni zamanda, yay mövsümünün ən isti dövründə əhalinin
sağlamlığının təhlükəyə məruz qala biləcəyini nəzərə alaraq, Cəmiyyət tərəfindən
“İstidən qorunun — sağlam qalın” maarifləndirmə kampaniyası da paralel şəkildə
təşkil edilib.
Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Respublikası
Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin
dəstəyi ilə həyata keçirilib. Tədbirdə AzQAC-ın prezidenti, Milli Məclisin
deputatı Novruz Aslanov, Baş Qərargahın əməkdaşların, həmçinin QAC Bərdə, Ağdam
və Tərtər rayon bölmələrinin sədrləri və könüllüləri fəal iştirak edib. Tədbirlər zamanı
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Xankəndinin
sakinləri ilə geniş səviyyəli görüş keçirib. O, iştirakçıları salamlayaraq,
AzQAC nümayəndə heyətinin Xankəndi səfərinin
məramını açıqlayıb, Cəmiyyətin humanitar fəaliyyətindən bəhs edib. Səmimi və konstruktiv şəraitdə keçən görüşdə
sakinlərin suallarına ətraflı cavablar verilib.
Daha sonra
AzQAC-ın İcraçı katibin müavini, ‘’Mina və partlamamış hərbi sursatların təhlükələrinə
dair maarifləndirmə’’ layihəsinin koordinatoru Məmməd Kətanov və Bərdə RB təlimdən
keçmiş könüllüləri “Mina təhlükəsizliyi” mövzusunda təqdimatlar keçiriblər,
iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat təqdim ediblər. İştirakçılara
minalar və müharibənin partlayıcı qalıqları ilə bağlı risklər, təhlükəli əşyaların
tanınması qaydaları, şübhəli sahələrlə qarşılaşdıqda göstərilməli düzgün davranış,
belə hallar barədə müvafiq qurumlara məlumat vermə prosedurları və s. barədə ətraflı
izahat verilib. Dəyirmi masa maarifləndirici xarakter daşımaqla yanaşı,
iştirakçılara sual vermək və müzakirələrdə fəal iştirak etmək imkanı da
yaradıb.
Eyni zamanda, Xankəndinin
mərkəzi parkında Cəmiyyətə məxsus Qızıl Aypara loqolu çadır qurulub. Çadır ətrafında
istivurma, dehidratasiya və digər isti hava ilə bağlı vəziyyətlər, habelə isti
havada düzgün davranış qaydaları barədə izahatlar verilib, bir sıra ilk yardım
nümayişləri təşkil edilib. Bundan əlavə, şəhər sakinləri arasında maarifləndirici
materiallar və sərin su paylanılıb. Nəticədə tədbirlər çərçivəsində 200-dən
artıq insan əhatə olunub.
Mina təhlükəsizliyi
ilə bağlı məlumatlandırma və isti hava dövründə keçirilən bu qəbil preventiv tədbirlər
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icmaların gündəlik həyatında iştirakının
vacib nümunələrindəndir. Sadə, lakin təsirli addımlar vətəndaşların təhlükəsizliyinin
və sağlamlığının qorunmasında mühüm rol oynayır.
Azərbaycan Qızıl
Aypara Cəmiyyəti belə maarifləndirici və dəstək kampaniyalarını ölkənin
paytaxtı Bakıda, eləcə də digər regionlarda — Sumqayıt, Abşeron, Siyəzən,
Qobustan, Şamaxı, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Gəncə, Gədəbəy, Qazax, Lənkəran,
Cəlilabad və Astarada artıq həyata
keçirmişdir.