Türkdilli ölkələrin Qızıl Aypara və Qızıl Xaç cəmiyyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin və könüllülərin fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilir. Bu məqsədlə Türk Qızıl Ayı tərəfindən İstanbul şəhərinin Heybəliada ərazisində “Gənc Könüllülər Düşərgəsi” təşkil olunub.
Avqust ayının 31-dən sentyabr ayının 5-dək davam edən düşərgədə Türk
dünyasının müxtəlif ölkələrindən 100-ə yaxın gənc könüllü iştirak edib.
Düşərgənin əsas məqsədi gənclər arasında könüllülük ruhunun daha da
gücləndirilməsi, onların fövqəladə hallara hazırlıq və humanitar fəaliyyət
sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də müxtəlif ölkələrdən
olan gənclər arasında əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi
olub.
Düşərgə çərçivəsində iştirakçılar üçün müxtəlif
istiqamətlər üzrə praktiki və interaktiv fəaliyyətlər təşkil edilib. Gənclər ilk
yardım, fövqəladə hallara hazırlıq və cavabvermə mövzularında
təlimlərə qatılaraq böhran və fövqəladə vəziyyətlər zamanı düzgün davranış,
ilkin yardım göstərilməsi və operativ cavabvermə ilə bağlı bilik və bacarıqlar
əldə ediblər.
Təlimlərlə yanaşı, düşərgə iştirakçıları arasında komanda ruhunun və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif intellektual oyunlar və interaktiv fəaliyyətlər keçirilib. Bu fəaliyyətlər gənclərin liderlik, komanda ilə işləmək, qərar qəbul etmək və ünsiyyət bacarıqlarının inkişafına töhfə verib.
Düşərgə iştirakçıları üçün mədəni istirahət çərçivəsində İstanbulun tarixi və mədəni məkanlarına gəzintilər də təşkil olunub. Bu səfərlər müxtəlif ölkələrdən gəlmiş gənclərin bir-birini daha yaxından tanımasına, mədəni təcrübələrini bölüşməsinə və dostluq münasibətlərinin möhkəmlənməsinə imkan yaradıb.
“Gənc Könüllülər Düşərgəsi” yalnız təlim və
maarifləndirmə platforması deyil, həm də Türk dünyasının gənclərini bir araya
gətirən mühüm əməkdaşlıq və təcrübə mübadiləsi məkanı olub. Düşərgə çərçivəsində
formalaşan əlaqələrin gələcəkdə gənclərin və könüllülərin birgə humanitar
təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Türk Qızıl Ayının gənclərin və könüllülərin fəaliyyətinin gücləndirilməsinə yönəlmiş bu təşəbbüsü Türk dünyasında humanitar dəyərlərin, həmrəyliyin və könüllülük mədəniyyətinin inkişafına xidmət edir. Gənclərin bu cür platformalarda fəal iştirakı gələcəyin humanitar liderlərinin yetişdirilməsi və könüllülük fəaliyyətinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.