2026-cı il sentyabrın 16-da "İdrak" Liseyində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və "İdrak" Liseyin birgə təşəbbüsü ilə ‘’Ümumdunya İlk Yardım Günü’’nə həsr olunmuş tədbir keçirilib. İki hissədən ibarət olan bu tədbir müəllim heyəti və tələbələr tərəfindən böyük maraq və coşğu ilə qarşılanıb.
Tədbirin birinci
hissəsi liseyin akt zalında baş tutub. Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
və “İdrak” Liseyinin rəhbərliyinin çıxışları ilə başlayıb. Çıxışlarda ilk
yardım bilik və bacarıqlarının gündəlik həyatda əhəmiyyəti vurğulanıb, həmçinin
iki qurum arasında əməkdaşlığın uğurlu nəticələrindən bəhs edilib. Daha sonra
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mütəxəssisləri tərəfindən miqrasiya
kontekstində ilk yardım mövzusuna həsr olunmuş geniş təqdimat keçirilib. Təqdimatda
Ümumdünya İlk Yardım Gününün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası tərəfindən 2000-ci ildə təsis edildiyi və hər il sentyabr ayının
ikinci şənbə günü qeyd olunduğu barədə məlumat verilib.
Təqdimat zamanı həmçinin 2026-cı ilin “İlk yardım miqrasiya kontekstində” mövzusunun seçilməsinin əsas səbəbləri izah olunub. Miqrantların uzunmüddətli yolçuluq, travma, susuzlaşma, temperatur təsirləri, yoluxucu xəstəliklər, eləcə də doğma yurdu itirmə, qeyri-müəyyənlik və psixoloji stress kimi risklərlə üzləşə biləcəyi vurğulanıb. Bu baxımdan, dil baryeri, hüquqi statusla bağlı narahatlıqlar və tibbi xidmətlərə çıxışın məhdudluğu kimi amillərin ilk yardımın göstərilməsini çətinləşdirə bildiyi qeyd olunub. Şagirdlərə belə vəziyyətlərdə fiziki və psixoloji ilk yardımın göstərilməsi, insanların müvafiq tibbi xidmətlərə yönləndirilməsi və ilk yardım bacarıqlarının icma səviyyəsində təşviqinin əhəmiyyəti barədə vacib biliklər verilib.
İkinci hissədə isə tədbir daha interaktiv və praktiki müstəviyə keçib. Şagirdlərdən ibarət qruplar növbəli şəkildə xüsusi olaraq quraşdırılmış çadırlara daxil olublar. Hər bir çadırda peşəkar təlimçilərin rəhbərliyi ilə müxtəlif tibbi hallarda ilk yardımın göstərilməsinə dair məşğələlər təşkil edilib. Xüsusilə güclü qanaxmalar zamanı qanitirmenin qarşısının alınması, əzələ və sümük sınıqları (travmalar) zamanı zərərçəkənə ilkin müdaxilə və digər kritik tibbi vəziyyətlərdə düzgün hərəkət etmə qaydaları praktiki şəkildə nümayiş etdirilib, şagirdlərə bu bacarıqlar əyani şans tanınaraq öyrədilib.
Tədbirin sonunda bütün iştirakçılar – həm şagirdlər, həm də müəllim heyəti tədbirin yüksək səviyyədə təşkil olunmasına görə təşkilatçılara və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar bu cür mühüm və həyati əhəmiyyət daşıyan maarifləndirici tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə və bu ənənənin davamlı olacağına böyük ümid bəslədiklərini vurğulayıblar.