2026-cı il sentyabrın 24-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 2027-ci il və
sonrakı dövr üzrə Vahid Planını onlayn formatda keçirilən Vahid Planın
nəzərdən keçirilməsi görüşü çərçivəsində təqdim edib. Görüşdə Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC), tərəfdaş Milli
Cəmiyyətlərin və AzQAC-ın nümayəndələri iştirak ediblər.
Görüşün açılışında
çıxış edən IFRC-nin Türkiyə və Cənubi Qafqaz üzrə Ölkələr Klaster
Nümayəndəliyinin rəhbəri Sonja Björklund AzQAC-ın ölkə üzrə geniş yerli
şəbəkəsi, yardımçı rolu və icmalarla formalaşdırdığı etibarlı münasibətlərin
humanitar fəaliyyətlərin həyata keçirilməsində mühüm əhəmiyyət daşıdığını
vurğulayıb. O, iqlim dəyişikliyi və müxtəlif fəlakət riskləri fonunda
hazırlığa, erkən xəbərdarlıq və erkən fəaliyyətə, eləcə də yerli dayanıqlılığın
gücləndirilməsinə davamlı investisiyanın vacibliyini qeyd edib. Sonja Björklund
həmçinin IFRC tərəfindən AzQAC-a strateji, texniki və əməliyyat dəstəyinin
davam etdirilməsi və Milli Cəmiyyətin prioritetləri ətrafında Hərəkat
üzvlərinin töhfələrinin əlaqələndirilməsinin əhəmiyyətini bildirib.
AzQAC-ın Baş katibi Ceyhun
Mirzəyev və Sağlamlıq və Qayğı şöbəsinin rəhbəri-baş
katibin müavini Səbinə Mahbubi-İran tərəfindən təqdim olunan Vahid Plan
Cəmiyyətin 2026-2030-cu illər üzrə Strateji Planına əsaslanaraq
qarşıdakı dövr üçün əsas inkişaf istiqamətlərini əhatə edib. Təqdimatda
təşkilati inkişaf, Qarabağ bölgəsində fəaliyyətlərin genişləndirilməsi, gənclər
və könüllülərin inkişafı, fəlakətlərə hazırlıq və cavabvermə, eləcə də
sağlamlıq və rifah əsas istiqamətlər sırasında qeyd olunub.
Təqdimat zamanı
AzQAC-ın son illərdə əldə etdiyi nəticələr və mövcud təcrübəsi barədə də
məlumat verilib. Xüsusilə icma əsaslı fəlakət riskinin azaldılması, isti hava
dalğalarına hazırlıq, nağd pul və vauçer yardımı, rəqəmsal ianə mexanizmlərinin
inkişafı, ilk yardım və icma sağlamlığı, eləcə də mina və partlamamış hərbi sursatlarla
bağlı risklərin azaldılması istiqamətində görülən işlər vurğulanıb. Qarabağa
qayıdan əhalinin mina təhlükələri barədə məlumatlandırılması AzQAC-ın qarşıdakı
illərdə də davam etdirəcəyi mühüm fəaliyyət istiqamətlərindən biri kimi qeyd
edilib.
2027-ci il üzrə
prioritetlər çərçivəsində fəlakətlər və böhranlar, iqlim və ətraf mühit,
sağlamlıq və rifah, miqrasiya və yerdəyişmə, humanitar dəyərlər, gənclər və
inklüzivlik istiqamətlərində fəaliyyətlərin davam etdirilməsi nəzərdə
tutulur. Bununla yanaşı, yerli bölmələrin və könüllülərin potensialının
gücləndirilməsi, erkən xəbərdarlıq və erkən fəaliyyət mexanizmlərinin inkişaf
etdirilməsi, icmaların hazırlığının artırılması və nağd pul və vauçer
yardımının genişləndirilməsi planın mühüm elementləri sırasında yer alır.
Təqdimatda AzQAC-ın
institusional potensialının gücləndirilməsinə də xüsusi diqqət yetirilib.
İdarəetmə və Milli Cəmiyyətin inkişafı, insan resursları və təhlükəsizliyin
təmin edilməsi, rəqəmsal transformasiya, logistika və təchizat zənciri,
planlaşdırma, monitorinq, qiymətləndirmə və hesabatlılıq, eləcə də tərəfdaşlıq
və koordinasiya proqramların davamlı həyata keçirilməsini dəstəkləyən əsas
istiqamətlər kimi təqdim olunub.
Görüşdə həmçinin
2027-ci ildə Hərəkat daxilində əməkdaşlığın genişləndirilməsi imkanları
müzakirə olunub. IFRC ilə hazırlıq, erkən xəbərdarlıq və erkən fəaliyyət, icma
əsaslı fəlakət riskinin azaldılması və institusional inkişaf sahələrində
əməkdaşlığın davam etdirilməsi, həmçinin İtaliya Qızıl Xaçı və Türk Kızılayı
ilə mövcud tərəfdaşlıqların inkişaf etdirilməsi və digər tərəfdaş Milli
Cəmiyyətlərlə yeni əməkdaşlıq imkanlarının yaradılması qeyd olunub.
2027-ci il üçün
AzQAC-ın müxtəlif strateji istiqamətlər üzrə təxminən 180 min nəfəri
fəaliyyətlərə cəlb etməsi və əhatə etməsi planlaşdırılır. Eyni zamanda, planın
tam həyata keçirilməsi üçün davamlı maliyyələşmə, yerli bölmələrin
potensialının gücləndirilməsi, hazırlıq mexanizmlərinin praktik fəaliyyətə
çevrilməsi və texniki tərəfdaş dəstəyinin davam etdirilməsi əsas ehtiyaclar
kimi vurğulanıb.
Təqdimatdan sonra
tərəfdaşlarla fikir mübadiləsi aparılıb. İştirakçılar AzQAC-ın icma və məktəb
əsaslı fəlakət riskinin azaldılması, mina təhlükəsi barədə maarifləndirmə,
hazırlıq, sağlamlıq və ilk yardım sahələrində fəaliyyətlərinin davam
etdirilməsi və genişləndirilməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüş zamanı təqdim olunan planın konkret fəaliyyətlərə və mövcud təcrübəyə
əsaslanması müsbət qiymətləndirilib.
AzQAC 2027-ci il və
sonrakı dövrdə fəaliyyətini hazırlıqlı icmalar, daha güclü yerli bölmələr və
daha dayanıqlı Milli Cəmiyyət yanaşması əsasında inkişaf etdirməyi,
tərəfdaşlarla əməkdaşlığı gücləndirməklə humanitar xidmətlərin əhatə dairəsini
və davamlılığını artırmağı hədəfləyir.