Təqaüddə olan müəllimlərə diqqət

Əsas səhifə / XƏBƏRLƏR / Təqaüddə olan müəllimlərə diqqət

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri təqaüddə olan müəllimləri evlərində ziyarət edərək onları əlamətdar gün münasibətilə təbrik ediblər.


Müəllim cəmiyyətin formalaşmasında və gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynayan ən dəyərli peşə sahiblərindən biridir. İllərini təhsilə, gənc nəslin maariflənməsinə və tərbiyəsinə həsr etmiş müəllimlərə göstərilən diqqət və ehtiram hər zaman xüsusi əhəmiyyət daşıyır.


Bu təşəbbüs çərçivəsində Qızıl Aypara Cəmiyyətinin könüllüləri təqaüddə olan müəllimlərin evlərinə baş çəkərək onlarla görüşüb,  söhbət edib və bayram təbriklərini çatdırmışlar.


Ziyarətlərin əsas məqsədi yalnız müəllimləri peşə bayramları münasibətilə təbrik etmək deyil, eyni zamanda onların əməyinə verilən yüksək dəyəri ifadə etmək, yaşlı nəslə mənəvi dəstək göstərmək və cəmiyyətimizdə həmrəylik, qarşılıqlı hörmət və humanizm dəyərlərini daha da gücləndirməkdir.


Azərbaycan Qızıl Aypara Cəmiyyəti hesab edir ki, könüllülük yalnız yardım göstərmək deyil, həm də insanlara dəyər vermək, onları dinləmək, sevindirmək və ehtiyac duyduqları anda yanlarında olmaqdır. Təqaüddə olan müəllimlərin ziyarət edilməsi də məhz bu dəyərlərin canlı nümunəsidir.


Bu əlamətdar gün münasibətilə bütün müəllimlərimizi, xüsusilə uzun illər təhsil sahəsində fədakarlıqla çalışmış və bu gün təqaüddə olan müəllimlərimizi səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayırıq.


Əməyi ilə gələcəyə işıq saçan bütün müəllimlərə təşəkkür edirik!

Azərbaycan Qızıl Aypara Cəmiyyəti