2026-cı il oktyabrın 8-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzi (İSİM), Bakı Şəhər Herontoloji Mərkəzi və Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə ahıl şəxslər üçün maarifləndirici
tədbir keçirilib. Tədbirdə “Üçüncü Bahar” İctimai Birliyinin və “Qadın İnkişaf
Mərkəzi” İctimai Birliyinin üzvləri iştirak ediblər.
Tədbirin əsas məqsədi
sağlam və aktiv yaşlanmanın təşviqi, yaşlı insanların həyat keyfiyyətinin
yaxşılaşdırılması və uzunömürlülüyün dəstəklənməsi ilə bağlı məlumatlılığın
artırılması olub. İSİM-in direktoru Səbinə Babazadə giriş sözü ilə çıxış edərək,
yaşlı insanların tibbi xidmətlərə əlçatanlığının təmin olunması, sağlamlıq göstəricilərinin
yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlərdən söz açıb. O, müəyyən
yaşa dolmuş şəxslərin fiziki, psixoloji və sosial rifahının, eləcə də cəmiyyətdə
fəal rolunun qorunmasının mühüm əhəmiyyət daşıdığını bildirib. Əhalinin
yaşlanması bu gün dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da
sağlamlığın qorunması və ictimai səhiyyə siyasətində diqqət tələb edən mühüm
istiqamətdir. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri
Leyla Cəfərli düzgün qidalanmanın, aktiv həyat tərzinin hər yaşda sağlam və
gümrah olmaq üçün əsas rol oynadığını vurğulayıb. O, İSİM-in təşəbbüsü ilə
yaradılan və müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu “Sağlam
yaşlanma” Təşəbbüs Qrupunun fəaliyyəti barədə məlumat verib, cəmiyyətdə sağlam
və aktiv yaşlanma mədəniyyətinin təşviqinə yönəlmiş tədbirlərin keçirildiyini
diqqətə çatdırıb.
İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva
“Sağlam yaşlanma – praktik tövsiyələr” mövzusunda təqdimatla çıxış edib. O,
sağlam yaşlanmanın əsas prinsipləri, gündəlik həyatda sağlamlığın qorunması və
yaşlılıq dövründə həyat keyfiyyətinin yüksəldilməsi ilə bağlı praktik tövsiyələri
diqqətə çatdırıb. Bakı Şəhər Herontoloji Mərkəzinin direktor vəzifəsini müvəqqəti
icra edən Nailə Əhmədova çıxışında bir daha vurğulayıb ki, qocalıq bir nemətdir.
O, qocalıq anlayışı ilə bağlı cəmiyyətdə formalaşmış münasibətdən və yaşlılıq
dövrünün xüsusiyyətlərindən söz açıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin
müavini Səbinə Məhbubi-İran“Sağlam yaşlanma proqramına dair – Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Cəmiyyətləri Federasiyasının təcrübəsi” mövzusunda təqdimatla
çıxış edib. O, öz çıxışında Federasiyanın 2030-cu illər üçün “Sağlam Yaşlanma”
Strategiyası, Əməlliyat Çərçivəsi və bu sənədlərin tətbiqinə kömək edən Praktik
alətlər toplusu programını tədbir iştirakçılarına təqdim edib. Nitq zamanı yaşlı
insanların fəal, sağlam və cəmiyyətdə layiqli yer tutaraq yaşamasının önəmli
olması vurğulnıb. Sənədlər Milli Cəmiyyətlər
və Federasiyanın Katibliyinə bu sahədə gələcək
fəaliyyətləri planlaşdırmağa imkan yaradır. Təqdimatın davamı olaraq AzQAC-nin
digər tərəfdaşlarla birğə təşkil olunan və iştirak edən fəaliyyətlərdən nümunələr göstərildi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Canlı
Sistemlərin Tədqiqi İnstitutunun “Bioherontologiya və inkişaf”
laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Natəvan Kərəmova
“Uzunömürlülük və sağlamlıq göstəricilərinin qorunması yolları” mövzusunda təqdimatla
çıxış edib. O, sağlam və uzun ömürə təsir edən amillər, həmçinin sağlam
yaşlanmanın elmi əsasları barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Tədbir çərçivəsində iştirakçılar arasında qeyri-infeksion
xəstəliklərin inkişafı üzrə risklərin qiymətləndirilməsinə dair sorğu keçirilib
və viktorina təşkil olunub. AzQAC “İcmaya əsaslanan sağlamlıq’’ proqramının mütəxəssisi
Mətanət Qaraxanova iştirakçılara sorğunun məqsədini izah edərək, sorğunun
Federasiya tərəfindən hazırlanan “Sağlam yaşlanma” alətlər toplusunun tərkib
hissəsi olduğunu qeyd edib. Sorğu hər iştirakçıya öz sağlamlığının vəziyyətini
fərdi qaydada qiymətləndirmək imkanını yaradır. Bütün iştirakçılar belə tədbirlərin ahıl insanların həyat
keyfiyyətinin yaxşılaşdırılması və cəmiyyətdə yaşlı nəslə diqqətin artırılması
baxımından əhəmiyyətini vurğuladılar.