Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Astanada

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Astanada

2026 -cı il 7-8 oktyabr tarixlərində Qazaxıstanın Astana şəhərində könüllülük, fəaliyyətə hazırlıq və beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunmuş forum keçirilib.
Forumda Azərbaycan Qızıl Aypara Cəmiyyətini icraçı katibi Ceyhun Mirzəyev, icraçı katibinin müavini Xalidə İsgəndərova və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fatimə Cəfərzadə təmsil ediblər.
Forum müxtəlif ölkələrdən olan iştirakçılar arasında təcrübə mübadiləsinin aparılması, könüllülük fəaliyyətinin səmərəli təşkili və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma olub.
Tədbir çərçivəsində könüllülərin fəaliyyətinin təşkili və idarə olunması, onlarin proseslərə cəlb edilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də fövqəladə vəziyyətlərə və humanitar çağırışlara hazırlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Forum iştirakçıları müxtəlif qrup işlərində, interaktiv müzakirələrdə və dialoqlarda fəal iştirak edərək öz təcrübə və fikirlərini bölüşüblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri də qrup işlərində və dialoqlarda fəal iştirak edərək könüllülük fəaliyyətinin təkmilləşdirilməsi, könüllülərin cəlb olunması və onların fəaliyyətinin daha səmərəli idarə edilməsi ilə bağlı fikir və təcrübələrini təqdim ediblər.
Forumun mühüm nəticələrindən biri könüllülüyün inkişafı və fəaliyyətə hazırlıq istiqamətində gələcək fəaliyyətin əsas prioritetlərini müəyyənləşdirən strategiyanın qəbul edilməsi olub. Bu strategiya könüllülərin imkanlarının genişləndirilməsi, onların hazırlıq səviyyəsinin yüksəldilməsi, əməkdaşlığın gücləndirilməsi və humanitar fəaliyyətlərdə iştirakının daha səmərəli təşkil edilməsi baxımından əhəmiyyət daşıyır.
 
Tədbirin sonunda forum iştirakçıları fəaliyyətlərinə və tədbirdə iştiraklarına görə fərqlənmə nişanları və medallarla təltif olunublar.
 
Astana forumunda iştirak Azərbaycan Qızıl Aypara Cəmiyyətinin beynəlxalq əlaqələrinin inkişafı, könüllülük sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və əldə olunan biliklərin ölkəmizdə könüllülük fəaliyyətinin təkmilləşdirilməsinə tətbiqi baxımından əhəmiyyətli olub