Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı və AzQAC Sumqayıt RM-in iştirakı ilə 13 oktyabr – ‘’Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü’’ münasibətilə açıq qapı günü keçirilib.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin və yerli qurumlarının nümayəndələri, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin FMKD üzvləri, Sumqayıt Dövlət Universitetin tələbələri, şəhər məktəbliləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açıq qapı günü çərçivəsində iştirakçılara FHN-in Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sulara Xilasetmə Dövlət Xidmətinin, eləcə də Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə və xilasetmə texnikası, avadanlıqları təqdim olunub.
Həmçinin, xilasedicilərin gündəlik fəaliyyəti barədə ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən ilk yardım üzrə maarifləndirici təqdimat və praktiki nümayişlər keçirilib.
İştirakçılara qanaxmalar zamanı ilkin müdaxilə, sınıqlar zamanı ilk yardım və ürək-ağciyər reanimasiyası (ÜAR) barədə məlumat verilib, müvafiq bacarıqların əyani nümayişi həyata keçirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu cür maarifləndirici tədbirlər əhalinin fövqəladə hallara hazırlığının
artırılması, təbii fəlakət risklərinin azaldılması və ilk yardım biliklərinin təşviqi
baxımından mühüm əhəmiyyət daşıyır.