Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) seçilmiş İlk Yardım təlimçiləri üçün nəzərdə tutulmuş beşgünlük təkmilləşdirmə təlimi davam edir. Proqram çərçivəsində artıq iştirakçılar arasında biliklərin qiymətləndirilməsi aparılmış və müxtəlif mövzular üzrə təqdimatlar keçirilmişdir.
Təlim müddətində İlk Yardım üzrə aparıcı mütəxəssis Alyona Rusinoviç
tərəfindən iştirakçılara lazımi izahatlar verilmiş və müvafiq tövsiyələr
çatdırılmışdır. Eyni zamanda, təlimçilərə öyrənmə prosesi və böyüklərin təhsili
prinsipləri, həmçinin ilk yardım təlimçilərinin hazırlığı modulunun strukturu
və keçirilməsi metodologiyası ilə tanış olmaq imkanı yaradılmışdır.
İştirakçılar qazandıqları nəzəri bilikləri kiçik qrup işləri zamanı praktiki
olaraq tətbiq etmişlər.
Təlim zamanı hər bir iştirakçı tərəfindən təqdim olunan mövzular təqdim
edilən metodologiya əsasında müxtəlif meyarlar üzrə qiymətləndirilmişdir.
Növbəti əsas mərhələ olan "Simulyasiya" (ssenarilərin hazırlanması,
həmyaşıdlar və baş təlimçi tərəfindən qiymətləndirmə meyarlarının işlənməsi)
çərçivəsində iştirakçılar qruplara bölünərək müvafiq ssenarilər tərtib etmiş və
kiçik səhnəciklər vasitəsilə onları nümayiş etdirmişlər.
Yekunda iştirakçılara növbəti tapşırıq olaraq müvafiq mövzular paylanılmış
və həmin mövzuların mövcud təlim çərçivəsinə uyğun olaraq strukturlaşdırılması
tapşırılmışdır.